Netanyahu Təhlükəsizlik Şurasının son bəyanatına reaksiya verib

QafqazTimes xəbər verir ki, sionist rejimin baş naziri Benyamin Netanyahu bu gün (çərşənbə axşamı) Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının İordan çayının qərb sahilində qəsəbə tikintisi və işğal olunmuş Qüdsün vəziyyəti ilə bağlı bəyanatına reaksiya verib.

“Siva” xəbər saytının xəbərinə görə, İsrail Baş nazirinin ofisinin “Facebook” hesabında yayılan açıqlamada deyilir: “BMT Təhlükəsizlik Şurası yəhudiləri yaşamaq hüququndan məhrum edən birtərəfli bəyanat yayır və bu ay ərzində fələstinlilərin Qüdsdə 10 israillinin ölümü ilə nəticələnən əməliyyatlarına məhəl qoymur.”

Benyamin Netanyahu daha sonra əlavə edib ki, Təhlükəsizlik Şurası Fələstin Administrasiyasının terrorçu hərəkatlara dəstəyinə, həmçinin cihad əməliyyatlarını törədənlərin ailələrinə məvaciblərin ödənilməsinə göz yumur.

Bəyanatın yekun hissəsində deyilir: “Təhlükəsizlik Şurası milyonlarla yəhudinin ölümünə səbəb olan antisemitizmin əhəmiyyətini kiçik hesab edir. Bu bəyanatın verilməməsi və Amerikanın ona qoşulmaması daha uyğun olardı.”

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bazar ertəsi axşam bir bəyanatda sionist rejimin İordan çayının qərb sahilində yeni yaşayış məntəqələrinin inşası ilə bağlı mövqeyini açıqlayıb.

Təhlükəsizlik Şurası bütün üzvlərinin dəstəyi ilə yayımlanan bu bəyanatda işğal altındakı İordan çayının qərb sahilində yeni yəhudi yaşayış məntəqələrinin legitimləşdirilməsini pisləyərək, bunun sülh yolunda “maneə” olduğunu vurğulayıb.

Təhlükəsizlik Şurası işğal olunmuş ərazilərdə sülhün bərqərar olmasına mane olan istənilən addımın əleyhinə olduğunu vurğulayaraq, bəyan edib: “İsrailin yeni yaşayış məntəqələri inşa etməyə davam etməsi iki dövlətli həll prinsipini təhlükə altına qoyur.”

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

Sionist rejimin Rəfəhə hücumuna beynəlxalq reaksiyalar

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik