İSB-yə qarşı sərt ittiham: Nazirlərə məxsus məlumatlar ələ keçirilib? – FOTO

Son günlərdə bir sıra qurumların sistem məlumatlarının hakerlər tərəfindən ələ keçirilməsi barədə məlumatlar yayılıb. Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz məsələyə münasibət bildirib. O qeyd edib ki, təkcə İcbari Sığorta Bürosunun (İSB) bütün sisteminin dağıdılması nəticəsində 40 milyondan çox məlumatın ələ keçirildiyi iddia olunur: “DTX, DİN, Ədliyyə Nazirliyi və s. qurumların avtomobilləri haqqında, həmçinin bir çox nazirlərə məxsus məlumatlar ələ keçirilib. Yəni əvvəllər sığorta şirkətləri, bizim telefonlarımızı qanunsuz olaraq bir-birilərinə satırdılar, indi isə belə görünür ki, dövlət və özəl sektora, vətəndaşlara aid bütün bu məlumatlar toplam olaraq onlardan oğurlanıb və açıqlanıb. 

Xatırlayıram ki, İSB-yə olan bu hücum ilk dəfə deyil. Bir neçə il öncə də təxminən bu formada kiber hücum olmuşdu və məlumatlar ələ keçirilmişdi. Hakerlərin açıqladığı məlumatlardan, xüsusilə də tanınmışların adlarının açıqlamasından belə qənaətə gəlmək olar ki, hücum məqsədyönlü olaraq həyata keçirilib. İSB isə ötən gün açıqlama verib ki, sanki, heç nə olmayıb, hər şey qaydasındadır.

Güman etmək olar ki, hücum edənlər İSB sisteminin bütün incəliklərinə, zəif nöqtələrinə öncədən bələd olublar. Ümumiyyətlə isə, İSB sistemi heç zaman güclü olmayıb. Bir müddət bundan öncə İSB elektron xidmətlərinin kefiyyətsizliyi haqqında yazıb bərbad gündə olduğunu qeyd etmişdim. Görünür ki, İSB rəhbərliyi ötən illərdə baş verənlərdən, onlar haqqında yazılanlardan ibrət dərsi götürmürlər”.

Osman Gündüz əlavə edib ki, kiber hücum nəticəsində dövlətə məxsus xeyli informasiyalar, vətəndaşlara məxsus fərdi məlumatlar açıqlanıb:

“Düşünürəm ki, DTX və DİN, hətta özlərinə məxsus olan informasiyaların sızmasına ciddi reaksiya verməli, İcbari Sığorta Bürosundan hesabat tələb etməli və baş verənləri ciddi olaraq araşdırmalıdır. Bu qurumda ciddi İT audit işləri aparmaq və onun əsasında kiber təhlükəsizliklə bağlı cidid qərarlar qəbul etmək, rəhbərlyinin məsuliyyətini gücləndirmək lazımdır. Yeri gəlmişkən bir daha diqqətə çatdırmaq istərdim ki, Prezidentin müvafiq fərmanı əsasında hazırlanmalı olan “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi haqqında Qaydalar” tez bir zamanda qəbul edilməlidir. Kritik hesab olunacaq qurumların siyahıları təsdiqlənməlidir. Eyni zamanda fərdi məlumataların qorunması haqqında qanunvericiliyimiz də son zamanlar qəbul edilən yeni Avropa standartlarına uyğunlaşdırılmalıdır. Fərdi məlumatları qoruya bilməyən dövlət və özəl sektora qarşı cəzalar sərtləşdirilməlidir”.

Qeyd edək ki, İcbari Sığorta Bürosu haker hücumları barədə yayılan məlumata münasibət bildirib. Qeyd edilib ki, çıxan məlumatlarla əlaqədar araşdırmalar davam etdirilir. 

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video