İran: Britaniya puç təhdidlərə əl atmaq əvəzinə öz öhdəliklərini yerinə yetirsin

QafqazTimes xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə çərşənbə günü İngiltərənin xarici işlər naziri Liz Terrasın açıqlamalarına cavab olaraq Tvitter səhifəsində yazıb: “Britaniya puç təhdidlərə əl atmaq əvəzinə, öz hərəkətsizliyinə son qoymalı, öhdəliklərinə əməl etməli və nüvə anlaşmasının xilas edilməsinin kritik mərhələsində məsuliyyətlə rəftar etməlidir.”

O, həmçinin yazıb: “İranın məsuliyyətli fəaliyyəti sayəsində bu sazişin hələ də yaşamaq şansı vardır.”

İran mətbuatının məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü bundan əvvəl Britaniya Xarici İşlər Nazirinin bəyanatlarına cavab olaraq qarşı tərəfə tövsiyə verərək bildirmişdi ki, silsiləvi bəyanatlar və içi boş təhdidlər bu ölkənin nüvə anlaşmasını pozduğuna görə hüquqi və mənəvi məsuliyyətini azaltmır.

Vyanada danışıqların səkkizinci raundu davam edərkən, Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Terras çərşənbə axşamı parlamentdəki çıxışında danışıqlarda irəliləyişin kifayət qədər sürətli olmadığını bildirib.

O, həmçinin deyib: “Bunlar təcili danışıqlardır və irəliləyiş kifayət qədər sürətli deyildir. Biz müttəfiqlərimizlə sıx əməkdaşlıq etməyə davam edirik, lakin danışıqlar təhlükəli vəziyyətə yaxınlaşmaqdadır. İran indi seçim etməlidir ki, razılaşmanı yekunlaşdırmaq istəyir, yoxsa bu anlaşmanın aradan getməsinə görə məsuliyyət öhdəsinə götürür. Əgər nüvə anlaşması aradan getsə, bütün variantlar yenə də masa üzərində olacaqdır.”

Related posts

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu