Həbsxanadan çıxıb 7 gün sonra tanışını 3 manata görə öldürdü – TƏFƏRRÜAT + FOTO

Bakıda tanışını qətlə yetirməkdə təqsirli bilinən Elman Məhərrəmovun cinayət işi üzrə təfərrüat məlum olub.

Hadisə “Bakı Metropoliteni”nin “28 May” stansiyasının yeni çıxışının yaxınlığında, Təbriz küçəsi, 2 ünvanında baş verib. Həmin yerdə yerləşən tikilidə Lənkəran rayonunun Kərgəlan kənd sakini, 1973-cü il təvəllüdlü Müşfiq Firdovsi oğlu Əliyevin meyiti tapılıb. Onun baş nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyən edilib.

Araşdırmalar nəticəsində məlum olub ki, Müşfiq Əliyevi 1965-ci il təvəllüdlü Elman Əli oğlu Məhərrəmov qətlə yetirib. E.Məhərrəmov M.Əliyevin başına küt alətlə çoxsaylı zərbələr vuraraq onu öldürdükdən sonra hadisə yerindən qaçsa da, çox keçmədən tutulub.

O, Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunub.

İş üzrə dindirilmiş Elman Məhərrəmov ifadəsində göstərib ki, 2017-ci il aprelin 26-da Qaradağ rayonunda yerləşən 12 saylı cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra bir neçə gün Bakıda müxtəlif ünvanlarda və parklarda gecələyib. 

Ayın 29-da Təbriz küçəsi ilə gedərkən 7 saylı cəzaçəkmə müəssisəsində tanış olduğu Ramin Həsənov qarşısına çıxıb. Həmin gün onlar spirtli içki qəbul edərək sonuncunun Yusif adlı tanışının evində yatıblar. 

Növbəti günlər həmin mənzilə Raminlə birgə “Yaşıl Bazar”da fəhlə işləyən müxtəlif şəxslər gəlib gedib. Müşfiq, Aleksandr və Tofiqi Raminin vasitəsi ilə tanıyıb. Mayın 3-nə kimi onlar keçmiş Qarabağ mehmanxanasının yaxınlığındakı boş sahədə gecələyiblər.  

Ayın 2-də Elman yığışdıqları yerə gələndə Ramin və digərlərinin yeyib-içdiyini görüb. Elmanın aldığı spirti suya qatıb qəbul edəndən sonra yenidən pul qoyub içki alıblar. Sərxoş və yuxulu olduğu üçün nə qədər vaxt keçdiyi yadında qalmayıb. Oyanıb Ramindən nə baş verdiyini soruşanda o, Müşfiqin onun cibindən 3 manat pul götürdüyünü deyib. Şalvarının cibini yoxlayanda həqiqətən pulunun olmadığını görüb. Yerindən qalxıb təxminən 5 metr aralıda yatan Müşfiqə yaxınlaşaraq onu səsləyib. Oyanan kimi kəllə və yumruqla sonuncuya zərbələr endirib. Sonra Ramin də söyüş söyərək ayaqqabısının alt hissəsi ilə onun başına zərbə endirib. Sərxoş olduğundan Müşfiq müqavimət göstərməyib. Sağ tərəfi üstə yerdə uzanıqlı vəziyyətdə qalıb. 

Elman Məhərrəmov ifadəsinin davamında bildirib ki, yuxusu gəldiyindən yenidən yerdə uzanıb yatıb. Xeyli keçəndən sonra bir nəfər mülki geyimli şəxs onu yuxudan oyadıb. Dərhal yerindən qalxıb görüb ki, Müşfiqin üstü qara rəngli palto ilə örtülüb. Naməlum şəxs onun artıq öldüyünü deyib və “102” xidmətinə və təcili tibbi yardıma zəng edib. Onu əvvəl polis bölməsinə, sonra isə rayon prokurorluğuna aparıblar.

Məhkəmə prosesində Elman Məhərrəmov ittiham üzrə özünü qismən təqsirli bilib.

Sonda məhkəmənin hökmü ilə o, 18 il azadlıqdan məhrum olunub.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video