Dünyada ilk printerlə çap edilən raket orbitə göndərilsə də, çata bilmədi – FOTO/VİDEO

Dünyanın ilk 3D çaplı raketi ABŞ-nin Kanaveral burnundan uğurla qalxsa da, orbitə çata bilməyib.

Məlumata görə, pilotsuz “Terran 1”in birinci pilləsi yanacağını qurtardıqdan sonra ayrılıb, ancaq ikinci pillə mühərriki yalnız qısa müddətə alışıb, beləliklə raket orbitə çatmaq üçün kifayət qədər gücə sahib olmayıb.

Raketin sonrakı taleyi barədə məlumat verilmir. Təfərrüat uçuş məlumatlarının təhlilindən sonra açıqlanacaq.

Şirkət özü buraxılışı uğurlu hesab edir. Raket orbitə çatmasa da, 3D çaplı kosmik gəmi uçuşun çətinliyinə tab gətirə biləcəyini sübut edib.

“Relativity Space” şirkəti tərəfindən yüngül peykləri orbitə çatdırmaq üçün nəzərdə tutulmuş innovativ kosmik gəminin uzunluğu 33,5 metr, diametri isə 2,2 metrdir. Eyni zamanda, onun kütləsinin 85 faizi dünyanın ən böyük metal 3D printerlərində çap olunub. İstehsal prosesi 60 gün çəkib. Bu, 3D printerdə çap edilmiş ən böyük obyektdir.

Raket maye oksigen və maye təbii qazla işləyir. Gələcəkdə o, aşağı Yer orbitinə 1250 kiloqrama qədər yük çıxara biləcək. Belə raketlər istehsalda əmək xərclərinin azalması səbəbindən ənənəvi olanlardan nəzərəçarpacaq dərəcədə ucuz olmalıdır.

Çap edilmiş raketi üçüncü cəhddə buraxmaq mümkün olub. İlk buraxılış martın 8-nə planlaşdırılıb lakin yanacağın temperaturu ilə bağlı problemlərə görə son anda təxirə salınıb. Martın 11-də ikinci cəhd yanacağın təzyiqində yaranan problemlər səbəbindən ləğv edilib.

“Relativity Space”in məqsədi 95% 3D çap edilmiş raket yaratmaqdır. Yaxın gələcəkdə 20 ton ağırlığında faydalı yükü aşağı Yer orbitinə çıxarmağa qadir olan daha böyük “Terran R” raketinin yaradılması nəzərdə tutulur.

Related posts

Türkiyədə eşşəkləri evləndirdilər: Toyda nikah məmuru da iştirak etdi – FOTO/VİDEO

1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı

Yaponiyada bir çantaya görə 180-ə yaxın qatarın hərəkəti ləğv edilib – FOTO