Dövlət binasını yandırmağa cəhd edən şəxs saxlanıldı (Video izlə)

Regional Məşğulluq İdarəsinin Saatlı Rayon Xidmət Şöbəsində yanğın olub. Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Həmin videoda bir nəfərin inzibati binanın döşəməsini yandırdığı görünür.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, Saatlı rayonu Əbilkənd kənd sakini, Vətən müharibəsi iştirakçısı Vilayət Həsənov Mil-Muğan Regional Məşğulluq İdarəsinin Saatlı Rayon Xidmət Şöbəsinə yaxınlaşaraq fərdi təsərrüfatla məşğul olmaq üçün iri və xırdabuynuzlu heyvan verilməsini tələb edib:

“Qeyd olunub ki, bu zaman həmin qurumun əməkdaşı ona 2021-ci ildə 21 baş xırdabuynuzlu heyvan verildiyini izah edib və hazırda onun bu tələbinin yerinə yetirilməsinin mümkün olmadığını bildirib. Bundan sonra V.Həsənov şöbəni tərk edib, bir müddət sonra isə yenidən qayıdaraq inzibati binanın birinci mərtəbəsinin döşəməsini yandırıb. Yanğın ətrafdakıların köməyi ilə söndürülüb.

V.Həsənov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb və Saatlı Rayon Polis Şöbəsinə gətirilib. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə sonuncu 25 sutka inzibati qaydada həbs edilib”.

Qeyd edək ki, Vilayət Həsənov Vətən müharibəsinin iştirakçısı olub və dörd medalla təltif edilib.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO