Donbasın Rusiyaya birləşdirilməsi ilə bağlı referendumun nəticələri müəyyənləşib

QafqazTimes xəbər verir ki, “Russia Today” telekanalının məlumatına görə “Donetsk” və “Luqansk” vilayətlərində yaşayan vətəndaşların əksəriyyəti Rusiya Federasiyasına qoşulmaq ideyasını dəstəkləyib.

Bu məlumata görə, ilkin nəticələr Donetsk Xalq Respublikasında seçicilərin 99%-dən çoxunun Rusiyaya qoşulmaq istədiyini göstərir. Analoji nəticələr Luqanskda da əldə edilib və 98%-dən çoxu bu fikri dəstəkləyib.

Hər iki bölgənin rəsmiləri səslərin demək olar ki, hamısının hesablandığını bildiriblər. Bu iki vilayətdən başqa, bu referendum Ukraynanın cənubundakı Zaporojye və Xersonda da keçirilib.

Bundan öncə bildirilmişdi ki, Xersonda səslərin 14%-nin hesablanması bu regionda seçicilərin 96,97%-nin Rusiya Federasiyasının tərkibinə daxil olmasının lehinə səs verdiyini göstərib. Zaporojye vilayətində 18 faiz səslə aparılan sorğu göstərib ki, referendum iştirakçılarının 98,19 faizi Rusiyaya birləşmək istəyir.

Rəsmi nəticələr Donetsk və Luqanskda seçkilərdə iştirakın 80%-dən çox olduğunu göstərir. Bu iki bölgə qərbin dəstəklədiyi “Meydan çevrilişi” adlı çevrilişdən sonra Kiyevdən ayrılaraq, müstəqilliyini elan edib.

Qeyd edək ki, Luqansk, Donetsk, Xerson və Zaporojya vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı referendum cümə günü (23 sentyabr) başlayıb. Bu dörd bölgə birlikdə Ukrayna ərazisinin təxminən 15%-ni təşkil edir.

Bundan əvvəl Rusiyanın TASS xəbər agentliyi Ukraynanın Donbass, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi prosesinin sentyabrın 30-da başa çatacağını bildirmişdi.

Ukrayna və Qərb ölkələri bu referendumları saxta adlandıraraq, bu referendumların nəticələrinin əvvəlcədən müəyyən edildiyini iddia edirlər. Bundan əvvəl Böyük Britaniyanın Müdafiə Nazirliyi iddia etmişdi ki, Rusiya prezidenti Vladimir Putin cümə günü (30 sentyabr) ölkə parlamentində çıxışı zamanı “Ukraynanın işğal olunmuş hissələrinin” Rusiya Federasiyasına birləşdirilməsini yəqin ki, elan edəcək.

Həmçinin qeyd edək ki, Rusiya Federasiyası fevral ayında Ukraynadan ayrılan Donetsk və Luqansk respublikalarının müstəqilliyini tanımışdı.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya