Badamdar qəsəbəsində sürüşmə sahəsindən keçən yolda nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
Badamdar – 20-ci Sahə yolunun bağlanmasına səbəb sürüşmə zonasında təmir işlərinin aparılmasıdır.
Hazırda yaponiyalı və yerli mütəxəssislərin layihələri əsasında sürüşmə sahəsindəki yeraltı suların kənarlaşdırılması və bərkitmə işləri aparılır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərlinin sözlərinə görə, təmir işləri yekunlaşana qədər yol bütün növ nəqliyyat vasitələrin hərəkəti üçün bağlı olacaq.
“Ərazidə müxtəlif texnikaların vasitəsilə təmir işləri aparılır. Hazırda təhlükəsizlik tədbirləri ilə əlaqədar qeyd olunan yolda bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Bununla bağlı sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. Aparılan işlər yekunlaşdıqdan sonra, təhlükəsizlik tədbirlərinə nəzarət edən müvafiq qurumların rəyi əsasında yol tam istismara veriləcək”, – deyə Araz Əsgərli əlavə edib.
Qeyd edək ki, ötən il ağır yük maşınları və marşrut avtobusları istisna olmaqla digər nəqliyyat vasitələrinin Badamdar – 20-ci Sahə yolu ilə hərəkətinə icazə verilmişdi.