Marketlərdə ərzaq məhsulları ilə yanaşı qeyri-qida məhsullarının da qiyməti artıb.
Satıcıların sözlərinə görə, gündəlik istifadə olunan şəxsi gigiyena vasitələri kəskin bahalaşıb.
Vətəndaşlar da qiymət artımının olduğunu təsdiqləyirlər.
İqtisadçı ekspert Xalid Kərimli bildirir ki, sözügedən məhsulların qiyməti təkcə Azərbaycanda yox, Avropada da qalxıb. Ekspert hesab edir ki, həmin məhsulların əksəriyyəti xaricdən idxal olunduğu üçün bahalaşma ölkəmizdən də yan keçmir.
Dövlət Statistika Komitəsinin yaydığı son rəqəmlər də Azərbaycanda qeyri-ərzaq məhsullarının bahalaşdığını təsdiq edir. Belə ki, cari ilin yanvar-may aylarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artıb. Məlumata görə, şəxsi-gigiyena məhsulları arasında daha çox bahalaşma toz şəklində olan sintetik yuyucu vasitələrin, sabunların və diş pastalarının qiymətlərində müşahidə olunub.