Azərbaycan 1 713 Ermənistan hərbçisinin qalıqlarını qaytarıb

Dövlət Komissiyasının ötən dövr ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair iclası keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, iyunun 17-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Komissiyanın Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş yeni tərkibdə ilk iclasını açıq elan etdikdən sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Son illərdə Dövlət Komissiyası tərəfindən görülən işlər barədə danışan sədr Əli Nağıyev Birinci Qarabağ müharibəsində itkin düşən 3890 nəfər Azərbaycan vətəndaşı barədə məlumatların Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının ziddinə olaraq bu günə kimi təqdim olunmadığını, onların sırasından yalnız 100-dən artıq itkin düşmüş şəxsə aid olması ehtimal olunan meyit qalıqlarının təhvil verildiyini və hazırda eyniləşdirmə prosesinin aparıldığını vurğulamışdır. Eyni zamanda bildirilmişdir ki, Vətən müharibəsi başa çatdıqdan sonra 12 nəfər hərbçimizin yaralanaraq əsir düşdüyü məlum olmuş və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa vaxtda Vətənə qaytarılmışlar. 6 hərbçimizin isə taleyi bu vaxtadək qeyri-müəyyən olaraq qalmaqdadır. Humanizm prinsiplərini daim rəhbər tutan Azərbaycan Respublikası isə əldə olunmuş tarixi Qələbədən sonra düşmən tapdağından azad olunmuş torpaqlarda tapılmış 1713 Ermənistan hərbi qulluqçusunun qalıqlarını və müxtəlif vaxtlarda saxlanılmış 159 nəfər erməni əsiri qarşı tərəfə qaytarmışdır. Komissiya sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, itkin vətəndaşlarımızın axtarışı üzrə intensiv və təxirəsalınmaz tədbirlərin bundan sonra da davamlı və operativ şəkildə həyata keçiriləcəyini, bu istiqamətdə mövcud beynəlxalq əməkdaşlığın daha da genişləndiriləcəyini qeyd etmişdir. Eyni zamanda Yaxın Şərqdə baş vermiş silahlı münaqişələr zamanı qeyri-qanuni silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmiş şəxslərin İraq və Suriyada saxlanılan ailə üzvlərinin, xüsusən də qadın və uşaqların repatriasiyası və reabilitasiyası ilə bağlı müvafiq tədbirlərin görüldüyü və hazırkı vaxtadək hər iki ölkədən birlikdə mərhələli şəkildə 366 nəfərin repatriasiya edildiyi nəzərə çatdırılmışdır. Sonra Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov çıxış edərək cənab Əli Nağıyevin rəhbərliyi altında son illərdə Dövlət Komissiyası tərəfindən əsir və itkin düşmüş şəxslərlə əlaqədar həyata keçirilmiş önəmli tədbirlər barədə geniş məlumat vermiş, qurumun fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, bu sahə üzrə mötəbər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətlərinin qurulduğunu vurğulamış, həmçinin meyit qalıqlarının axtarışı zamanı yeni texnologiyaların uğurlu tətbiqindən danışmışdır. Natiq bildirmişdir ki, bu günədək Ermənistan tərəfindən təhvil verilmiş, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş və ölkə ərazisindəki naməlum şəhid məzarlıqlarında dəfn edilmiş meyit qalıqları üzrə ümumilikdə 282 məhkəmə molekulyar-genetik ekspertizası təyin olunmuşdur. Tədbirdə həmçinin Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov İraq və Suriyada saxlanılan Azərbaycan vətəndaşlarının repatriasiyası ilə bağlı məruzə etmiş, bu sahədə görülmüş və gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat vermişdir. Daha sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin başçısı xanım Arian Bauer, Dövlət Komissiyasının üzvləri – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, hərbi prokuror Xanlar Vəliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev çıxış edərək çalışdıqları sahələr üzrə gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışlar. Qeyd olunmuşdur ki, Birinci Qarabağ müharibəsi zamanı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həm Ermənistan ərazisində, həm də işğal edilmiş ərazilərdə saxlanılan 54 nəfər Azərbaycan Respublikası vətəndaşına baş çəkilmiş, onlardan 17 nəfərinin meyiti sonradan Azərbaycana təhvil verilmiş, 33 nəfərin öldüyü bildirilsə də meyitləri qaytarılmamış, 4 nəfərin isə sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməmişdir. İclasın yekununda Dövlət Komissiyasının sədri Əli Nağıyev qarşıda duran mühüm vəzifələr barədə ətraflı bəhs etmiş, əsir-girov götürülmüş, itkin düşmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi yönümündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq arenada həyata keçirdiyi fəaliyyətin xüsusilə təqdirəlayiq olduğunu vurğulamış, Dövlət Komissiyasına həvalə olunmuş məsələlərin və tapşırıqların yerinə yetirilməsi istiqamətində bundan sonra da bütün qüvvə və vasitələrin səfərbər olunacağını diqqətə çatdırmışdır.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video