Ölkəmizdə avtomobillərin işlək vəziyyətdə ətraf mühitə buraxdığı istixana qazlarının vurduğu zərəri minimuma endirmək üçün müəyyən standartlar tələb olunur. Xüsusilə də, ölkəyə AVRO-4 standartlarına cavab verməyən avtomobillərin gətirilməsi məhdudlaşdırılıb.
Lakin yanacağın yetərli standartlara cavab verməməsi, yüksək standartlarla çalışan maşınların tez sıradan çıxmasına səbəb olur. Bu cür problemdən yaxa qurtarmaq istəyən sürücülər isə alternativ yollara baş vururlar. Ən geniş yayılmış metodlardan biri xüsusi proqramlar və çiplər vasitəsilə standartları AVRO-2 səviyyəsinə qədər aşağı salmaqdan ibarətdir. Belə ki, katalizatorun çıxarılması qanunla qadağan olduğu və asanlıqla müəyyən edildiyi üçün qeyd etdiyimiz varianta daha çox müraciət olunur.
Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı avtomobillərə bu şəkildə müdaxilənin yolverilməz olduğunu bildirib:
“Bu gələcəkdə texniki problemlərə səbəb ola bilər. Çünki maşın istehsal olunarkən onun texniki göstəriciləri AVRO-4 standartına uyğun yanacaq üçün hazırlanırsa, kimsə onu dəyişib AVRO-2-yə uyğunlaşdıranda əlbəttə problem yaranacaq”.
Bu cür yol verildiyini təəssüf hissi ilə qeyd edən ekspert əsas problemin yanacağın keyfiyyətinin aşağı olmasından qaynaqlandığını qeyd edib:
“Təsəvvür edin, Azərbaycan neft istehsalçısı ölkə olsa da, yanacağın keyfiyyəti aşağı olduğu üçün biz avtomobillərə texniki müdaxilə etmək məcburiyyətində qalırıq. İnsanlar məcburiyyətdən bunu edirlər. Azərbaycanda yanacağın keyfiyyəti isə getdikcə aşağı düşür.2022-ci ildə dizel istehsal edən zavodun yaradılacağı qeyd olunub. Bununla da, xaricdən dizel yanacağı gətirilməsinin və keyfiyyətsiz dizelin mövcudluğuna son qoyulacağı gözlənilirdi. Artıq 2022-ci ilin 4-cü ayındayıq. Lakin bu istiqamətdə hələki məlumat yoxdur.
Gələn il isə AVRO-5 və AVRO-6 standartlarına cavab verəcək zavodun istismara verilməsi nəzərdə tutulur. O baxımdan, hesab edirəm ki, yanacağın keyfiyyətinin yüksəldilməsi ilə bağlı işlərin görülməsi zəruridir”
Elməddin Muradlı dünyada daxiliyanma mühərriklərindən imtina edildiyi bir vaxtda Azərbaycanda hələ də yanacaq keyfiyyətinin bərbad vəziyyətdə olmasından şikayətlənib:
“Dünyada bu istiqamətdə başqa tendensiya mövcuddur. İnkişaf etmiş ölkələrdə ümumiyyətlə yanacaq məsələsinə son qoyulur, hibridlərə, elektromobillərə keçid edilir. Gələcəkdə, hibridlərə də son qoyulacaq.Bizdə isə hələ də insanlar AVRO-4 standartlarındakı maşınlara texniki müdaxilə edib onları AVRO-2-yə uyğunlaşdırırıq. Görün biz nəqliyyat sahəsində inkişaf etmiş ölkələrdən nə qədər geri qalmışıq”.
Ekspert aidiyyatı qurumların bu istiqamətdə fəaliyyətsiziliyini tənqid edərək, ustaların vətəndaşların vəziyyətini başa düşərək məcburiyyətdən bu yola əl atdıqlarını vurğulayıb.
“Bu o deməkdir ki, bizdə AVRO-5 adı ilə istehsal olunan Azərbaycan benzini əslində AVRO-2-yə uyğundur”, – deyə Elməddin Muradlı fikirlərini yekunlaşdırıb.