ABŞ prezidenti İsrail rejiminin 60 günlük atəşkəsi qəbul etdiyini iddia edib və Həmasdan bu planı qəbul etməsini istəyib.
Qafqaz Times -in məlumatına görə, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İsrail Qəzza zolağında 60 günlük atəşkəsə nail olmaq üçün zəruri şərtlərlə razılaşıb və Həmas hərəkatından “vəziyyət daha da pisləşmədən əvvəl” bu razılaşmanı qəbul etməsini tələb edib.
Tramp bu xəbəri gələn bazar ertəsi Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirəcəyi görüş ərəfəsində açıqlayıb. O, son həftələrdə İsrail və Həmasa atəşkəs və əsir mübadiləsi üçün təzyiqləri artırıb.
Tramp özünün sosial şəbəkəsi Truth Social-da yazıb: “Nümayəndələrim bu gün israillilərlə Qəzza barədə uzun və konstruktiv görüş keçirib. İsrail 60 günlük atəşkəsin yekunlaşdırılması üçün zəruri şərtlərlə razılaşıb. Bu müddətdə biz bütün tərəflərlə müharibəyə son qoymaq üçün çalışacağıq.” O əlavə edib ki, Qətər və Misir Həmasa yekun təklif təqdim edəcək.
Tramp daha sonra xəbərdarlıq edib: “Ümid edirəm, Həmas Yaxın Şərqin xeyrinə bu razılaşmanı qəbul edəcək, çünki vəziyyət daha yaxşı olmayacaq, yalnız pisləşəcək.”
Həmas hərəkatı dəfələrlə bəyan edib ki, yalnız İsrail işğalının və mühasirəsinin sona çatmasını nəzərdə tutan planı qəbul edəcək; Qəzza isə yalnız fələstinlilər tərəfindən idarə olunmalıdır (Həmas Qəzzanın məhz özü tərəfindən idarə olunmasında israr etmir).
Dünən İsrailin Strateji İşlər naziri Ron Dermer Vaşinqtonda ABŞ-ın yüksək səviyyəli rəsmiləri ilə Qəzzada mümkün atəşkəs, İran və digər məsələlər barədə danışıqlar aparıb. Dermerin Trampın vitse-prezidenti Cey-Di Vens, ABŞ-ın xarici işlər naziri Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiv Vitkofla görüşəcəyi planlaşdırılır.
Bu hadisələr ABŞ-İsrailin Qəzzada humanitar yardımların paylanması üçün qurduğu sistemin dayandırılması ilə bağlı 150-dən çox beynəlxalq xeyriyyə və insan haqları təşkilatının çağırışı ilə eyni vaxta təsadüf edir. İndiyədək ərzaq növbələrində izdihamlı şəraitdə İsrail əsgərlərinin atəşi nəticəsində 500-dən çox fələstinli şəhid olub. Ümumdünya Ərzaq Proqramı İsrail və ABŞ-ın Qəzzada yardımları paylama tərzini cinayət adlandırıb.
Eyni zamanda Oxfam, Uşaq Xilas Fondu və Amnesty International bu sistemin dərhal ləğv edilməsini tələb edib.