Rusiya və Azərbaycan arasında münasibətlərdə yaranmış böhran yüksək səviyyəli diplomatik təmasların başlanması ilə sona yaxınlaşır; hər iki tərəf müəyyən şərtlər irəli sürsə də, dərin iqtisadi və strateji maraqlar münasibətlərin sürətli normallaşması perspektivini gücləndirir.
Qafqaz Times -ın məlumatına görə, Yekaterinburqda baş verən son hadisələrdən qaynaqlanan Rusiya-Azərbaycan münasibətlərindəki böhran artıq bitmək üzrədir. İki ölkə rəhbərləri hələ rəsmi bəyanat verməsələr də, vəziyyətin normallaşmağa yaxınlaşdığına dair əlamətlər var.
27 iyun tarixində Rusiya təhlükəsizlik qüvvələrinin Yekaterinburqda keçirdiyi əməliyyat zamanı azərbaycanlı əsilli iki Rusiya vətəndaşı öldürülmüş, beş nəfər isə yaralanmışdı. Bunun ardınca Moskva və Bakı arasında qarşılıqlı bəyanatlar verildi ki, bu da dostluq ab-havasını pozurdu. Lakin hər iki ölkədə məsələni yaxından izləyən şəxslər həyəcan təbili çalaraq münasibətlərin tezliklə normallaşmasını tələb etdilər və ötən gecədən etibarən ümidverici xəbərlər yayılmağa başladı.
Pərdəarxası diplomatiya: yüksək səviyyəli təmaslar
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Azərbaycanın baş prokuroru Kamran Əliyevlə daimi əlaqədədir. Peskovun sözlərinə görə, onlar bu təmaslarda problemli məsələləri müzakirə edirlər. Bu, vəziyyətin nəzarətsiz buraxılmadığını və hər iki ölkə liderinin problemləri birbaşa dialoq yolu ilə həll etməyə hazır olduqlarını göstərir. Bu mövzular daha əvvəl Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov və Rusiyanın XİN sözçüsü Mariya Zaxarova tərəfindən də gündəmə gətirilmişdi.
Bakının tələbləri: hava qəzasından Yekaterinburqdakı insidentə qədər
Araz Əzimov Bakıda Rusiyanın səfiri Mixail Yudokimovla görüşdə Rusiya tərəfinə müraciət edərək 2024-cü ilin dekabr ayının sonunda AZAL sərnişin təyyarəsinin qəzasının səbəblərinin araşdırılmasına daha çox diqqət ayırmağı tələb edib. Xatırladaq ki, Qroznıya eniş etməyə çalışan təyyarəyə raket isabet etməsi nəticəsində təyyarə Aktauya məcburi eniş etmək istəyətkən qəzaya uğramış və 38 nəfər həyatını itirmişdi.
Əzimov açıq şəkildə bildirib ki, həmin hadisə Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərib və Bakı bu faciədən sonra Rusiyanın adekvat tədbirlər görməməsini, eləcə də KİV-də həqiqətlərin təhrif edilməsini qəbuledilməz hesab edir. Azərbaycan AZAL təyyarəsinin qəzasına görə məsul şəxslərin cəzalandırılmasını və zərərçəkənlərə kompensasiya ödənilməsini tələb edəcək; bu, ikitərəfli münasibətlərdəki mənfi ab-havanın aradan qaldırılması üçün vacibdir.
Moskvanın cavabı: müttəfiqliyə qayıdış və jurnalistlərin azad olunması
Digər tərəfdən, Mariya Zaxarova Bakıdan iki ölkə arasında imzalanmış sənədlərdə nəzərdə tutulan strateji müttəfiqlik səviyyəsinə qayıtmaq üçün addımlar atmağı tələb edib. O, burada 22 fevral 2022-ci ildə Putin və İlham Əliyev tərəfindən Moskvada imzalanmış “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”ni nəzərdə tutur. Bu, strateji tələbatdır.
Taktiki səviyyədə isə Rusiya XİN, Bakıda həbs olunmuş və barələrində dörd aylıq həbs-qətimkan tədbiri seçilmiş iki rus jurnalist – İqor Kartavıx və Yevgeni Belousovun azad olunmasını tələb edir.
Zaxarova deyib: “İkitərəfli münasibətləri pozmaq istəyənlərdən təxribatçı hərəkətlərdən çəkinmələrini gözləyirik. Bu cür addımlar hökumətlərarası əlaqələrə ciddi zərbə vurur. Ortaya çıxan məsələlər əməkdaşlıq çərçivəsində və mövcud siyasi-diplomatik kanallar vasitəsilə həll olunmalıdır. Bu yanaşma, qarşıdurmanın süni şəkildə kəskinləşdirilməsindən daha çox, iki xalqın əsas maraqlarına xidmət edir.”
Niyə münasibətlərin normallaşması ehtimalı yüksəkdir?
Rusiya və Azərbaycan arasında münasibətlərin əhəmiyyətini nəzərə alaraq, tərəflərin qaldırdığı bütün məsələlərin tezliklə həll olunacağına inam var. Moskva və Bakı çoxsaylı iqtisadi və humanitar layihələrlə, eləcə də aktiv xalq təmasları ilə bir-birinə bağlıdır. Hər gün Moskvadan Bakıya reyslərin dolu olması və Bakı hava limanının rusiyalıların üçüncü ölkələrə səfərində tranzit mərkəzinə çevrilməsi də bunu təsdiqləyir.
Belə vəziyyətdə hansı tərəfin gərginliyin artmasından daha çox zərər görəcəyini müzakirə etmək mənasızdır; çünki bu böhran hər iki ölkənin iqtisadiyyatına mənfi təsir edəcək.
Hazırda iki ölkə arasında ticarət dövriyyəsi sabit şəkildə artır, son illərdə təxminən 20 faiz yüksəlib. Azərbaycanın Rusiyanın sanksiyalar şəraitində əsas malların re-eksportuna qatılması da ticarət əlaqələrinin genişlənməsinə şərait yaradır. Əsas ortaq layihələrdən biri isə Azərbaycan ərazisindən keçərək ölkənin tranzit potensialını gücləndirən “Şimal-Cənub” nəqliyyat dəhlizidir.
Digər tərəfdən, Azərbaycanın Rusiyadan mineral yanacaq, metallar, gübrələr, maşın və elektrik avadanlıqları, ehtiyat hissələri kimi məhsullardan imtina etməsi çox çətin olacaq. Son dövrlərdə turizm də Azərbaycanın iqtisadiyyatında mühüm rol oynayır və rus turist axınının kəsilməsi Bakının maraqlarına uyğun deyil.
Rusiya və Azərbaycan neft-qaz, Xəzər dənizinin su səviyyəsinin azalması probleminin həlli və sərhəd əməkdaşlığı sahəsində də yaxından işləyirlər. Bir sözlə, hazırda heç bir tərəf onilliklər ərzində qurulmuş iqtisadi, siyasi və humanitar münasibətləri dağıtmaq istəmir və bu səbəbdən də böhranın həll potensialı yüksəkdir.