QafqazTimes xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi çərşənbə axşamı gecə elan edib ki, düşmənçilik hərəkətləri və Qərbin sanksiyalarına baxmayaraq, İran və Rusiya arasında əməkdaşlıq davam edəcək.
Sputnik-in məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi bununla bağlı elan edib: “Qərbin İran və Rusiyaya qarşı düşməncəsinə hərəkətləri və sanksiyaları iki ölkə arasında bütün sahələrdə faydalı ikitərəfli əməkdaşlığın inkişafına mane olmayacaq.”
Nazirlik Tehran və Moskva arasında əməkdaşlıq səviyyəsinin yüksəlməsinə toxunaraq elan edib: “2022-ci ilin yanvar-iyul aylarında Rusiya və İran arasında ikitərəfli ticarət dövriyyəsi 2,7 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,7% çoxdur.”
Həmçinin Rusiya Xarici İşlər Nazirliyinin bu bəyanatında İran və “Avrasiya İqtisadi Birliyi” arasında Hərtərəfli Azad Ticarət Sazişi üzrə danışıqlarda irəliləyişlər əldə edildiyi bildirilir.
Bu xəbərə görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan çərşənbə günü Moskvaya işgüzar səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Onlar İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqların vəziyyətini, Rusiya ilə İran arasında birgə enerji və nəqliyyat layihələrini, həmçinin Ukrayna, Suriya və Əfqanıstandakı hadisələr kimi bəzi regional məsələləri müzakirə edəcəklər.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tehrandan Moskvaya yola düşməzdən əvvəl deyib: “Moskvaya səfərin əsas məqsədi İran İslam Respublikasının müraciəti əsasında Ukrayna böhranını həll etməyə çalışmaqdır.”