Son İsrail–İran müharibəsi böhranı Hörmüz boğazının bağlanmasına indiyə qədərkindən daha çox yaxınlaşdırdı. Analitiklər xəbərdarlıq edirlər ki, növbəti gərginlik dalğası qlobal bazarları sarsıda bilər və bunun ən ağır yükünü Avropa daşıyacaq.
“Bu [İsrail–İran müharibəsi] yenidən başlaya bilərmi? Fikrimcə, bir gün başlaya bilər. Hətta yaxın vaxtda başlaya bilər,” ABŞ prezidenti Donald Tramp çərşənbə günü xəbərdarlıq edib.
Bu şərh – ABŞ-ın təşəbbüsü ilə elan olunan atəşkəsin İran və işğalçı dövlət arasında birbaşa döyüşləri dayandırmasından bir gün sonra səsləndirilib – Qərbi Asiyada gərgin və narahat sükutu ifadə edir.
Raket atəşləri dayansa da, İran hələ eskalasiya pilləsində çox da irəliləməyib. Onun çəkindirmə vasitələrinin çoxu hələ istifadə edilməyib – onların ən başlıcası Hörmüz boğazını bağlamaq kimi hərbi olmayan təhdiddir. Analitiklərin qeyd etdiyi kimi, bu strateji boğaz heç vaxt gündəmdən çıxmayıb. Və əgər müharibə yenidən başlasa, ilk istifadə olunacaq rıçaq bu ola bilər.
Fəlakətdən yalnız bir boğaz uzaqda
13 iyunda başlayan İsrail–İran birbaşa müharibəsi – İsrailin İranın hərbi obyektlərinə, nüvə alimlərinə və qüvvə komandirlərinə endirdiyi hava zərbələri ilə alovlanmışdı – neft və qaz təchizatında fəlakətli pozulma qorxusunu dərhal artırdı.
Analitiklər xəbərdarlıq edirlər ki, Hörmüz boğazının istənilən blokadası enerji qiymətlərini kəskin yüksəldə və qlobal resessiyaya səbəb ola bilər. Hazırda müvəqqəti atəşkəs qüvvədə olsa da, region gərgin olaraq qalır və ən pis ssenarilər hələ də ciddi təhdid kimi qalır.
ABŞ-ın İranın uranı zənginləşdirmə obyektlərinə hücumlarından cəmi bir neçə saat sonra İran parlamenti böyük səs çoxluğu ilə Hörmüz boğazını bağlamağa səs verib — dünyanın neft və mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin həyati arteriyası olan bu boğaz İran körfəzini Hind okeanı ilə birləşdirir. İran həmçinin Qətərdəki ABŞ hərbi bazalarına cavab raket zərbələri endirib və Dohada partlayışlar qeydə alınıb.
Dünyanın neft ticarətinin təxminən dörddə biri, yəni gündə 15-19 milyon barel neft Hörmüz boğazından daşınır. Bundan əlavə, ötən il Qətər və BƏƏ-dən 85 milyon ton LNG Hörmüz boğazından daşınaraq qlobal ehtiyacların 20 faizini ödəyib.
Neft bazarlarının reaksiyası – amma gözlənildiyi kimi deyil
Təəccüblüdür ki, müharibənin neft və qaz bazarlarına ilkin təsiri mülayim oldu. Brent markalı neft tədricən 79 dollara qədər qalxdı – bu, münaqişədən əvvəlki göstəricidən cəmi 9 dollar çox idi. ABŞ nefti isə kəskin şəkildə 7,2 faiz ucuzlaşaraq bir barel üçün 68,51 dollara düşdü ki, bu da son dövrlərin ən kəskin birgünlük enişlərindən biridir. Kəskin ucuzlaşma İranın ABŞ zərbələrinə simvolik cavabı ilə əlaqəli olsa da, risklər qalır.
Qərbi Asiyada uzun illərin enerji və müdafiə analitiki Dr. Siril Viddershoven “The Cradle” portalına bildirib ki, əsas risklər qiymət dalğalanmaları və potensial dizel və benzin çatışmazlığıdır. Amma o, iqtisadi əməkdaşlıq və inkişaf təşkilatının (OECD) strateji ehtiyatlarına və Çinin son vaxtlar etdiyi ehtiyat yığmasına əsaslanaraq, yaxın dövrdə tədarük çatışmazlığının olmadığını vurğulayıb.
Lakin Macro Advisory şirkətinin həmtəsisçisi və keçmiş Sberbank-CIB baş strateqi Kris Vifer ciddi xəbərdarlıq edib:
“Əgər dayanma bir həftədən çox çəkərsə, barel üçün qiymət asanlıqla 150 dollara çata bilər – düzgün qiyməti proqnozlaşdırmaq çox çətindir, amma böyük həcmdə təchizat bazardan çıxarılacaq və müddətin qeyri-müəyyən, hətta bilinməz olması neftin qiymətini çox qısa müddətdə istənilən səviyyəyə qaldıra bilər.”
Londonda ESCP Europe Biznes Məktəbində enerji iqtisadiyyatı üzrə sabiq professor, beynəlxalq neft iqtisadçısı Dr. Məmduh Q. Salameh də “The Cradle” portalına bildirib ki, Səudiyyə Ərəbistanı, BƏƏ və İran Hörmüzdən yan keçən bəzi boru kəmərlərinə malikdirlər – bu, pozulan göndərişləri gündə 20 milyon bareldən 17 milyon barelə qədər azalda bilər – amma təsir yenə də qlobal iqtisadiyyata ciddi zərər vuracaq dərəcədə güclü olacaq:
“Əgər İran həqiqətən Hörmüz boğazını bağlayarsa, bu, qlobal iqtisadiyyatı 1973-cü il ərəb neft embarqosundan bəri ən pis neft böhranına sürükləyəcək.”
Viddershoven əlavə edib ki, əgər müharibə tammiqyaslı hal alsa və Abqaiq, Fujayra kimi əsas obyektlər dağıdılsa, təmir işləri beş aydan çox çəkə bilər. O bildirib ki, belə bir ssenari neft qiymətlərini 150 dolları xeyli keçən səviyyəyə qaldırar, lakin əsas bazar iştirakçılarına görə hazırkı bazar siqnalları yaxın perspektivdə ciddi təhlükə göstərmir.
Hətta “gözlənilməz” atəşkəsə baxmayaraq, Viddershoven Tramp ilə razılaşaraq qeyd edib ki, bu, sadəcə raundlar arasındakı fasilə ola bilər. “Hörmüzü bağlamaq seçimi həmişə analitiklərin, amma daha çox siyasətçilərin və spekulyantların ağlında olur.”
Blokada təhdidi hələ də bitməyib
Ən pis ssenari hələ reallaşmayıb. Amma Salameh xatırladır ki, İran uzun zamandır xəbərdarlıq edir: əgər Hörmüz boğazı vasitəsilə öz xam neft ixracı bloklanarsa, o zaman başqalarının da ixracını əngəlləyəcək.
O izah edir ki, belə bir ssenari ehtimal ki, İsrailin Xarg adasındakı İran xam neft anbarlarına və ya digər əsas enerji obyektlərinə zərbələri, yaxud ABŞ-ın İranın nüvə obyektlərinə – xüsusən əsas Fordo obyektinə – hücumlarını intensivləşdirməsi ilə baş verə bilər.
Hər iki ilkin şərt artıq baş verdiyi üçün İran parlamentinin boğazı bağlamaq üçün səs verməsi təəccüblü deyil. Hərçənd səsvermə məcburi deyil – yekun səlahiyyət İranın Ali Milli Təhlükəsizlik Şurasına məxsusdur – bu addım əzələ nümayişi və xəbərdarlıq kimi yozula bilər, çünki bu, İranın azsaylı strateji çəkindirmə vasitələrindən biridir.
Salameh əmindir ki, ABŞ-la davam edən və ya yeni münaqişə baş verərsə, “İran mütləq boğazdakı gəmiçiliyi pozacaq.”
Vifer də bu xəbərdarlığı təkrarlayır: “İranın taktikası ehtimal ki, sürətlə gərginliyi artırmaq olacaq ki, Fars körfəzindəki və Asiyadakı ölkələr – hərçənd açıq-aşkar İrana qarşı qəzəbli olacaqlar – öz iqtisadiyyatlarına zərər vurulduğu üçün ABŞ-dan gərginliyi azaltmağı tələb etməyə başlasınlar.”
Viferin fikrincə, İran məqsədinə çatmaq üçün mütləq tankerləri batırmağa belə ehtiyac duymaya bilər. Gəmiləri hədəfə almaq sığorta haqlarını kəskin artırar, ticarət həcmini azaldar və son istehlakçı qiymətlərini xeyli yüksəldər. Təkcə riskin özü belə həssas qlobal iqtisadiyyatlara ziyan vurmaq üçün yetərlidir.
Lakin Viddershoven şübhəlidir ki, İran bu addımı atacaq: “Tehran onilliklərdir bununla hədələyir, amma heç vaxt etməyib, yaxud edə bilməyib. Belə bir hərəkət ərəb qonşularını İrana qarşı tammiqyaslı mövqe tutmağa vadar edər və Tehranın özünə manevr imkanı buraxmazdı.” Onun fikrincə, Tehran yeganə ticarət tərəfdaşlarını – Çin və Hindistan kimi – özündən narazı salmaq istəməz.
Lakin Salameh düşünür ki, həmin müttəfiqlər Tehranın qarşısını almaz. O iddia edir ki, nə Fars Körfəzi Əməkdaşlıq Şurası (GCC), nə də Çin İranı fikrindən daşındıra bilər:
“İran təcrid olunarsa da, bunun vecinə olmaz, çünki başqa seçimi yoxdur – üstəlik, əsl müttəfiqləri, xüsusən Çin və Rusiya, onu heç vaxt tərk etməz.”
“Vəkil qüvvə” kartı
Viddershoven xəbərdarlıq edir ki, İranın Müqavimət Oxuna daxil olan müttəfiqləri Tehranın özündən daha böyük təhdid yarada bilər.
ABŞ və Yəməndəki Ənsarullah rəhbərliyindəki hökumət mayın əvvəlində atəşkəsə razılaşsa da, Sana bildirib ki, Tehranla koordinasiyada işləyir və 13 iyunda Yafoya bir neçə raket atıldığı iddia olunur.
Əgər İran–ABŞ qarşıdurması yenidən alovlanarsa, Vifer hesab edir ki, Qırmızı dənizdə gəmiçilik yenidən yəmənlilərin hücumuna məruz qala bilər. Salameh isə daha irəli gedərək qeyd edir ki, münaqişə bərpa olunarsa, İran və Yəmən həm Hörmüz, həm də Bab əl-Məndəbi bağlaya bilər. “Qlobal iqtisadi artım asanlıqla iki-üç faiz azala bilər.”
Onun hesablamalarına görə, Hörmüz boğazının iki aylıq bağlanması qlobal iqtisadiyyata illik hesabla təxminən 5 trilyon dollara başa gələ bilər.
Hörmüzün bağlanması qaz bazarını da boğar. Dünyanın mayeləşdirilmiş təbii qazının (LNG) təxminən beşdə biri – əsasən Qətərdən – bu dar boğazdan keçir. Dr. Viddershoven hesab edir ki, bu, qlobal resessiyaya səbəb olmasa da, Avropa enerji bazarlarında ciddi çatışmazlıq və inflyasiyanın kəskin artımı ilə nəticələnəcək.
Salameh isə xəbərdarlıq edir ki, ən çox ziyan çəkəcək tərəf Avropa İttifaqıdır. Çünki ABŞ-dan alınan LNG-yə daha çox asılı qalacaq, halbuki bu qaz Rusiyanın boru ilə nəql olunan qazından iki-dörd dəfə baha başa gəlir. Bu da onsuz da zəifləmiş Avropa iqtisadiyyatını daha da zəiflədəcək.
Hazırda qara ssenarilərdən qaçmaq mümkün olub və enerji bazarlarına təsir təəccüblü dərəcədə məhdud qalıb. Amma davamlı sülh perspektivi yoxdur və regionda eskalasiya cəmi bir neçə günə baş verdiyindən, gələcəkdə şoklar daha sürətlə baş verə və daha sərt zərbə vura bilər.
Mənbə: The Cradle