Qırmızı dənizdə Yəmənin “Ənsarullah” (husilər) hərəkatı tərəfindən ələ keçirilən “Galaxy Leader”in operatoru Yaponiyanın “Nippon Yusen” (NYK Line) şirkətidir.
Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Bildirilir ki, göyərtədə Bolqarıstan, Meksika, Rumıniya, Ukrayna və Filippindən 25 ekipaj üzvü olub. Gəmi Böyük Britaniyadan olan bir şirkətə məxsusdur.
Sosial şəbəkələrdə gəminin husilər tərəfindən ələ keçirilməsinin görüntüləri yayılıb.
Xatırladaq ki, “Ənsarullah”ın sözçüsü Yəhya Səriya Qırmızı dənizdə İsrail gəmisini ələ keçirərək onu Yəmən sahillərinə çəkdiyini iddia edib. Bəyanata görə, heyət üzvləri saxlanılıblar.
Gəmi Baham adaları Birliyinin bayrağı altında üzüb. O, sonuncu dəfə yerləşdiyi yer haqqında məlumatı noyabrın 18-də saat 13:04-də ötürüb. Hazırda gəminin transponderləri sıradan çıxarılıb.