Sumqayıtda parklanma xidməti əməkdaşına hücum edən qadın polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, həmin qadının şəxsiyyəti müəyyənləşdirilib və o, polis əməkdaşları tərəfindən ərazi üzrə Polis Bölməsinə gətirilib: “Həmin qadın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə tədbir görülüb”.
Xatırladaq ki, daha əvvəl sosial şəbəkələrdə maşından düşən bir qadın sürücünün “parkovşik”ə təpiklə vurduğunu əks etdirən görüntülər yayılmışdı.
Sonradan hadisəni törədən qadının Sumqayıt şəhər sakini Günay Dayanova olduğu üzə çıxıb.
Bildirilib ki, ictimai yerdə insident törədən G.Dayanova Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə laborant vəzifəsində çalışır. O, ailəlidir və iki uşaq anasıdır.
Qadın sürücünün hücumuna məruz qalan parklanma xidməti əməkdaşı ərazidə “İbiş” ləqəbi ilə tanınan İbrahim Cabbarovdur. Onun fiziki qüsurlu olduğu bildirilib. Belə ki, İbrahim Cabbarov qeyri-səlis nitqlidir.
Qeyd edək ki, “Mitsubishi Outlander” markalı avtomobildən düşərək parkinq nəzarətçisinə hücum edən G.Dayanova inzibati məsuliyyətə cəlb edilib.