Sionist rejimin Kanal 13 televiziya kanalı baş nazir Benyamin Netanyahunun oğlunun toy mərasimi ilə bağlı görülən xüsusi təhlükəsizlik tədbirləri barədə məlumat yayıb.
Məlumata görə, mərasimin keçiriləcəyi məkanda hər hansı ehtimal olunan hücumlara qarşı ciddi təhlükəsizlik hazırlıqları həyata keçirilib. Eyni zamanda, “Şabak” (sionist rejimin daxili təhlükəsizlik xidməti) toy mərasiminin keçirildiyi bağda heç bir sığınacaq və ya təhlükəsiz yerin olmaması səbəbilə xüsusi bir sığınacaq inşa etdirib. Bu sığınacaq Netanyahunun ailəsi və tədbirin yüksək səviyyəli qonaqlarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Toyda min nəfərdən çox qonağın iştirak etməsinə baxmayaraq, hücum halında bu sığınacağa yalnız məhdud sayda şəxs daxil ola biləcək.
Eyni zamanda işğal olunmuş ərazilərdəki bəzi mənbələr sionist rejimin təhlükəsizlik qurumlarının mərasimin keçiriləcəyi yerə qarşı mümkün raket hücumları ehtimalından ciddi narahat olduqlarını bildiriblər.