Sionist rejimin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla Ağ Evdə görüş keçirdi.
Qafqaz Times -ın məlumatına görə, sionist rejimin baş naziri Benyamin Netanyahu, ABŞ prezidenti Donald Trampla görüş və danışıqlar aparmaq üçün Vaşinqtona səfər edib və bu gün – çərşənbə axşamı səhəri – Ağ Evdə Trampla görüşüb.
Donald Tramp Netanyahu ilə görüşdən sonra Qəzzada atəşkəs məsələsinə toxunaraq bildirib:
“HƏMAS danışıqlar və atəşkəs istəyir. Düşünmürəm ki, HƏMAS ilə İsrail arasında atəşkəsə qarşı hər hansı bir maneə var. Hər şey yaxşı gedir.”
Trampın İrana dair növbəti sərsəm bəyanatları
ABŞ prezidenti Donald Tramp çıxışının digər hissəsində İran məsələsinə toxunaraq nüvə proqramı ilə bağlı daha əvvəlki iddialarını təkrar edib.
O bildirib: “Düşünürəm ki, onlar (iranlılar) bizimlə görüşmək istəyirlər ki, sülh əldə olunsun.”
Tramp iddia edib ki, İranın nüvə proqramı tamamilə məhv edilib. Onun sözlərinə görə, Atom Enerjisi Agentliyi İranda hədəf alınmış obyektin məhv edildiyini təsdiqləyib.
Eyni zamanda Tramp deyib: “Ümid edirəm ki, İsrail ilə İran arasındakı müharibə başa çatıb. Biz İranla bir görüş keçirəcəyik və görəcəyik nə baş verir.”
Bu mövzu ilə bağlı mediada yayılan xəbərlərə görə, Trampın region üzrə nümayəndəsi Stiv Vitkof bildirib ki, İranla görüş çox tez keçiriləcək və bu, gələn həftəyə təsadüf edə bilər.
Netanyahu: Tramp Nobel sülh mükafatına layiqdir!
Digər tərəfdən, sionist rejimin baş naziri Benyamin Netanyahu Ağ Evdə ABŞ prezidenti ilə görüşündə Donald Trampın Nobel sülh mükafatına layiq olduğunu bildirib.
O iddia edib: “Tramp Nobel sülh mükafatına layiqdir və mən onu bu mükafata namizəd göstərmişəm!”
Fələstin xalqına qarşı genişmiqyaslı qətliam və soyqırım həyata keçirən Netanyahu, fələstinlilərlə sülhdən danışaraq iddia edib: “Biz bizi yox etmək istəməyən fələstinlilərlə sülhə nail ola bilərik!”
Netanyahunun Trampla görüşündən əvvəl Rubio və Vitkofla görüşü
Netanyahu Ağ Evdə Trampla danışıqlardan əvvəl ABŞ-ın xarici işlər naziri Marko Rubio və Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkof ilə Vaşinqtonda görüşüb.
Sionist rejimin baş nazirliyindən verilən açıqlamaya əsasən, bu görüşdə sionist rejimin strateji məsələlər üzrə naziri Ron Dermer də iştirak edib. Əvvəlcə tərəflər arasında geniş formatlı görüş keçirilib, ardından qapalı ikitərəfli görüş baş tutub.
İvritdilli media bildirib ki, Netanyahu Trampla görüşü ərəfəsində, Qəzza zolağının şimalında sionist hərbçilərə endirilən ağır təhlükəsizlik zərbəsi barədə də ətraflı məlumatlandırılıb.
Netanyahu ABŞ-ın xarici işlər naziri ilə görüşdən sonra deyib: “Mən Vaşinqtonda ABŞ-ın xarici işlər naziri ilə görüşdüm. İki tərəf arasında birliyin möhkəmləndirilməsi və regional və beynəlxalq səviyyədəki ortaq çağırışlar barədə danışdıq.”
