İlkin nəticələr göstərir ki, ABŞ-ın hava zərbəsi İranın nüvə infrastrukturunu tamamilə məhv etməyə müvəffəq olmayıb. Kəşfiyyat qiymətləndirmələri ziddiyyətlidir, İsrail mənbələri isə Tehranın hələ də nüvə imkanlarının bir hissəsini qoruduğunu bildirir.
ABŞ-ın Wall Street Journal qəzetinin İsrailli yüksək rütbəli rəsmiyə istinadla verdiyi məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa bildirib ki, əgər İran nüvə silahı əldə etməyə yenidən cəhd edərsə, “Təl-Əviv” ona qarşı hərbi zərbələr endirəcək.
Qəzetin məlumatına görə, Tramp İranla diplomatik həll yoluna üstünlük versə də, İsrailin planına birbaşa etiraz etməyib. İsrailli rəsmi bildirib ki, “İsrail” hər hansı hərbi addım atmadan öncə Vaşinqtonun razılığını almağı zəruri hesab etmir.
Eyni kontekstdə, həmin rəsmi əlavə edib ki, İranın nüvə infrastrukturu hədəf alınsa da, İsfahan nüvə obyektində saxlanılan uran ehtiyatlarının bir hissəsi hücumlardan salamat çıxıb.
Bu açıqlamalar, Pentaqonun 22 iyun tarixində İranın nüvə obyektlərinə endirdiyi hava zərbələrinin nəticələrinin Vaşinqton tərəfindən hələ də qiymətləndirildiyi bir dövrdə verilir.
Associated Press xəbər agentliyinin ABŞ rəsmilərinə istinadla verdiyi məlumata görə, zərbələrin həssas infrastrukturun tamamilə məhv edilməsinə səbəb olduğunu təsdiqləyən aydın sübutlar yoxdur və kəşfiyyat orqanlarının dəyərləndirmələri bir-birinə ziddir.
Agentliyin yazdığına görə, ABŞ Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən “Hərbi Təhlükələrin Azaldılması Agentliyi” (DTRA) hələ də GBU-57 tipli sığınacaq deşən bombaların “Fordo, Natanz və İSfahan” obyektlərini tam dərinlikdə vurduğunu təsdiqləyən texniki məlumat təqdim etməyib. Bu isə hücumun əməliyyat məqsədlərinə çatması ilə bağlı şübhələr yaradır.
Digər tərəfdən, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ABŞ-ın CBS kanalına verdiyi müsahibədə bildirib ki, İran müxtəlif obyektlərdə texniki imkanlarının bir qismini saxlayır və nüvə infrastrukturu zədələnsə də, bir neçə ay ərzində uranı zənginləşdirmə prosesini bərpa edə bilər.
ABŞ kəşfiyyat qurumlarının ziddiyyətli qiymətləndirmələri bir neçə hesabatda aydın şəkildə özünü göstərib. Müdafiə Kəşfiyyat Agentliyi və ABŞ Mərkəzi Komandanlığının ilkin qiymətləndirməsi zərbələrin həlledici nəticə vermədiyini qeyd edib. Əvəzində isə prezident Donald Tramp və müdafiə naziri Pet Heqsit İranın nüvə obyektlərinin tamamilə məhv edildiyinə “tam inam” ifadə ediblər. Onlar xüsusilə vurğulayıblar ki, “nüvə materialları zərbədən öncə daşınmayıb”.
