İran xəbərdarlıq edib ki, əgər Təl-Əviv və Vaşinqton yeni hücuma başlasa, bunun cavabı “ört-basdır edilə bilməyəcək”.
İranın xarici işlər naziri Abbas “Əraqçi 31 iyulda dərc olunan müsahibəsində bildirib ki, Tehran ABŞ-la nüvə danışıqlarının bərpası üçün İsrailin müharibəsinə görə maliyyə kompensasiyası, İranın danışıqlar zamanı niyə hücuma məruz qaldığının izahı və təhlükəsizlik zəmanətləri tələb edir.
Əraqçi Financial Times (FT) qəzetinə bildirib ki, İsrail iyunun ortalarında ölkəyə qarşı əsassız müharibəyə başladıqdan sonra İran “hər şeyin əvvəlki kimi” davam etməsini qəbul etməyəcək.
“Onlar izah etməlidirlər ki, niyə bizə danışıqların ortasında hücum etdilər və gələcək danışıqlar zamanı bunu təkrarlamayacaqlarına dair təminat verməlidirlər. Həmçinin vurduqları ziyana görə [İrana] kompensasiya ödəməlidirlər,” – deyə “Əraqçi əlavə edib.
O bildirib ki, müharibə bitdikdən sonra ABŞ nümayəndəsi Stiv Vitkoff ilə mesaj mübadiləsi aparıb və Vitkoff onu danışıqlara qayıtmağa inandırmağa çalışıb.
“Danışıqlar yolu dar olsa da, mümkünsüz deyil. Mən rəhbərliyimi inandırmalıyam ki, əgər danışıqlara getsək, qarşı tərəf real qətiyyətlə və ‘qazan-qazan’ razılaşması üçün gəlir. Bizə onların tərəfindən real etimad yaratma tədbirləri lazımdır. Mənim [Vitkoffa] mesajım çox mürəkkəb deyil. Dedim ki, son təcavüz sübut etdi ki, İranın nüvə proqramı üçün hərbi həll yolu yoxdur, amma danışıqlar yolu ilə həll tapmaq olar,” – deyə iranlı diplomat əlavə edib.
İsrail 13 iyun tarixində, Tehranla Vaşinqton arasında nüvə danışıqlarının gedişində, İrana qarşı müharibəyə başladı. İran ardıcıl ballistik raket zərbələri ilə cavab verdi və müharibə 24 iyunda başa çatdı.
ABŞ 23 iyunda İrandakı nüvə obyektlərinə bunker-sındıran bombalarla hücum edərək müharibəyə qoşuldu, buna cavab olaraq Tehran Qətərdəki əl-Udeyd bazasına raket zərbəsi endirdi.
İranın nüvə obyektləri ciddi şəkildə zədələnib və Qərb kəşfiyyat qiymətləndirmələri göstərib ki, İslam Respublikasının nüvə proqramı Vaşinqtonun iddia etdiyi kimi “tamamilə məhv edilməyib”.
Əraqçinin sözlərinə görə, Tehran müharibədən dərhal əvvəl – Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) idarə heyətinin əleyhinə səsverməsinə cavab olaraq – açıqladığı yeni zənginləşdirmə obyekti də zərbəyə məruz qalıb.
Bu, həmin konkret obyektə hücumun ilk etirafıdır.
“Bildiyim qədərilə, zənginləşdirmə üçün hazırlıqlar görülmüşdü, amma hücum zamanı obyekt aktiv deyildi,” – deyə Əraqçi bildirib.
Əraqçinin açıqlamaları İsrailin İrana qarşı müharibəni yenidən başlatmaqla bağlı son təhdidlərindən sonra səslənib. Müdafiə naziri İsrail Kats ötən ayın sonunda bəyan edib ki, Tehran nüvə proqramını irəli aparmaq cəhdlərinə davam edərsə, buna güc yolu ilə cavab veriləcək.
İranın xarici işlər naziri bildirib ki, əgər ABŞ əvvəlki “sıfır zənginləşdirmə” tələbinə qayıdarsa, Vaşinqtonla razılaşma mümkün olmayacaq və İran zənginləşdirmədən geri çəkilməyəcək.
O həmçinin, hər hansı yeni hücuma daha sərt cavab veriləcəyi barədə İranın xəbərdarlıqlarını bir daha təkrarlayıb.
“Əgər təcavüz təkrarlanarsa, biz tərəddüd etmədən daha qətiyyətli və ÜSTÜNÜ ÖRTMƏK MÜMKÜN OLMAYACAQ şəkildə cavab verəcəyik,” – deyə Əraqçi bu həftənin əvvəlində bildirib və bununla İsrailin İranın hədəf aldığı obyektlər barədə xəbərlərə tətbiq etdiyi senzuranı nəzərdə tutub.
