İvritdilli “Globes” qəzetinin bu günkü buraxılışında Avropa ölkələrindən İranla baş verən müharibənin genişmiqyaslı iqtisadi zərərlərinin bir hissəsini kompensasiya etməsi tələb olunub. Məqalə müəllifinin fikrincə, bu cür “çirkli işlər” əslində həmin ölkələrin maraqları naminə həyata keçirilib.
Qafqaz Times-ın məlumatına görə, bu məqalənin müəllifi Amir Kahanoviç yazır: “İranla müharibənin (ən azı hazırkı mərhələdə) sona çatmasından sonra bizdə müəyyən bir qələbə hissi yaransa da, reallıq və səthin altında baş verənlər iqtisadiyyatın çökməsi, borcların artması, inflyasiya və yüksək faiz dərəcələri ilə nəticələndi.”
Müəllif əlavə edir: “Buna qarşılıq olaraq, Avropada əyləşənlər Milandakı küçələrdə espresso içməyə, Parisdə kruassan yeməyə davam edirlər və pandemiyadan sonra yaranmış borc və faiz yükünü azaltmaqla məşğuldurlar.”
O vurğulayır: “İsrail İranın nüvə obyektlərinə hücumun nəticələrini təkbaşına öz üzərinə götürdü. Halbuki bu, Avropanın təhlükəsizliyi naminə idi. Onlar İsrailə bu xidmətə görə təşəkkür etmək əvəzinə, yenə də humanist və sülhsevər maskası taxaraq rol oynamağa davam etdilər. Almaniyanın kansleri Fridrix Mersin dediyi kimi: ‘İsrail Qərbin çirkli işlərini onun adından yerinə yetirib.’”
Kahanoviç bildirir: “İsrail bu durumu qəbul etməməlidir. Aydın şəkildə Avropa İttifaqından tələb etməlidir ki, bu müharibənin xərclərini ödəsin və hətta bundan da irəli gedərək, hər il onların təhlükəsizliyini təmin etmək üçün çəkilən xərcləri də üzərinə götürsün — necə ki, Amerika Birləşmiş Ştatları bunu bizim üçün edir.”
Sonda o qeyd edir: “Bu addım yalnız İsrailin bu cür ağır əməliyyatların xərclərini qarşılamağa kömək etməyəcək, həm də Avropanın İsraili strateji tərəfdaş kimi qəbul etməsinə və beləliklə də, bizə qarşı açıq tənqidləri azaltmasına səbəb olacaq.”
