İvrit dilli bir media orqanı iddia edib ki, Suriyada yeni hakimiyyət strukturunun rəhbəri Əbu Məhəmməd əl-Culani ən azı üç sui-qəsd cəhdindən sağ çıxıb.
Qafqaz Times-ın məlumatına görə, “Yediot Aharonot” qəzeti 21 iyul, bazar ertəsi günü açıqlayıb ki, Suriyada hakimiyyətin rəhbəri olan və əvvəllər Əbu Məhəmməd əl-Culani adı ilə tanınan Əhməd əl-Şaraa son 7 ay ərzində azı üç dəfə sui-qəsdə məruz qalıb və bu, ABŞ və Türkiyə rəsmiləri arasında ciddi narahatlıq doğuraraq onun həyatını qorumaq üçün xüsusi bir mühafizə bölməsinin yaradılmasına səbəb olub.
İvrit dilli bu mətbuata görə, ilk sui-qəsd cəhdi mart ayında baş verib. Həmin vaxt Culani “Qəsr əş-Şəəb”dən çıxarkən Türkiyə qüvvələri şübhəli hərəkətləri müşahidə edib və onun mühafizəçilərinə xəbərdarlıq ediblər.
Üç mühafizəçi onu dərhal mühasirəyə alıb, təhlükəsizlik qüvvələri isə sui-qəsdə cəhd edən şəxsi həbs ediblər.
Qəzetin iddiasına görə, Culani bu hadisənin məxfi qalmasını istəyib ki, xalq arasında onun güclü bir fiqur kimi imici zədələnməsin.
“Yediot Aharonot”un məlumatına görə, ikinci sui-qəsd cəhdi Dəra vilayətində baş verib. Həmin vaxt Culaninin suriyalı və türkiyəli mühafizəçiləri ətrafda iki şübhəli şəxsi aşkar edərək karvanın istiqamətini son anda dəyişiblər.
Üçüncü sui-qəsd isə Culanini ölümlə üz-üzə qoyub. Bu dəfə Dəməşqdə, onun prezident sarayından çıxarkən istifadə etdiyi yolda pusqu qurulub. Silahlı şəxslər onu orada gözləyiblər və atəş açıblar. Həmin vaxt Culaninin paytaxtdan təcili qaçdığına dair şayiələr yayılıb.
Sionist analitik Əsmədar Biri məqaləsində Culaninin gələcəyi barədə yazarkən bu üç sui-qəsdi qeyd edib və əlavə edib ki, ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi və eyni zamanda ABŞ-ın Türkiyədəki səfiri olan Tom Barrack bu sui-qəsd cəhdlərinə dair diqqətlə ölçülmüş açıqlama verib. O, Culaninin qorunmasının vacibliyini vurğulayıb və ona qarşı çox ciddi təhdidlər barədə xəbərdarlıq edib.
Yazının davamında qeyd olunur ki, hazırda ABŞ Culaninin təhlükəsizliyini təmin etmək üçün Türkiyə kəşfiyyatına arxalanır. Lakin Barrack bildirib ki, Vaşinqton Culaninin (Əhməd əl-Şaraa) təhlükəsizliyi ilə bağlı narahatdır və buna görə ABŞ onun həyatı üçün xüsusi təhlükəsizlik bölməsi yaratmağı planlaşdırır.
“Yediot Aharonot”un yazdığına görə, görünür ki, hər üç sui-qəsd əməliyyatı İŞİD tərəfindən hazırlanıb. Lakin bu mərhələdə onların necə Dəməşqə sızdığı və partlayıcılarla təchiz olunduğu hələlik məlum deyil.
