İran, İsrail ərazisindəki şəxsi təhlükəsizlik kameralarına sızaraq kəşfiyyat məlumatları toplayır və raket hücumlarının dəqiqliyini artırmağa çalışır.
Bloomberg agentliyinin 20 iyun tarixli məlumatına görə, İranın bu kiber casusluq fəaliyyətləri artıq İsrailin kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən təsdiqlənib. İsrailin Milli Kibertəhlükəsizlik İdarəsinin (INCD) keçmiş baş direktor müavini Refael Franko bildirib:
“Biz bilirik ki, son iki-üç gün ərzində iranlılar kameralara qoşulmağa çalışaraq baş verənləri, raketlərin haraya düşdüyünü öyrənmək və dəqiqliyi artırmaq istəyiblər.”
INCD sözçüsü bildirib:
“Müharibə boyu bu cəhdləri müşahidə etmişik və bu cəhdlər yenidən intensivləşib.”
INCD-nin başqa bir rəsmisi Qabi Portnoy əlavə edib ki, bu cür təhlükəsizlik kameralarının sındırılması HƏMAS tərəfindən də 2023-cü ilin oktyabrında “Əl-Əqsa Seli” əməliyyatından əvvəl həyata keçirilib.
Portnoy qeyd edib ki, bu cür kiber əməliyyatlar illərdir aparılır və oxşar üsullardan Rusiya da Ukrayna müharibəsində istifadə edib.
Həftənin əvvəlində sabiq İsrail kibertəhlükəsizlik rəsmilərindən biri radio yayımında israillilərə şəxsi təhlükəsizlik kameralarını ya söndürməyi, ya da şifrələrini dəyişməyi tövsiyə edib.
Kibermüharibə artıq bir çox beynəlxalq münaqişələrdə əsas taktikaya çevrilib və xüsusilə İsrail tərəfindən geniş istifadə olunur. İsrail, casus proqram təminatı və haker fəaliyyəti ilə tanınır.
İsraillə əlaqəli “Predatory Sparrow” adlı haker qruplaşması bu yaxınlarda İranın böyük bir bankına hücum etdiyini və bir kriptovalyuta birjasına sızaraq təxminən 90 milyon dollar dəyərində bitcoin və digər kriptovalyutanı yoxa çıxardığını iddia edib.
Son günlərdə İran rəsmiləri və media qurumları ölkənin İsrailin genişmiqyaslı kiberhücumlarına məruz qaldığı barədə xəbərdarlıq ediblər. Bu səbəblə ölkə boyu internet kəsintisi tətbiq olunub. Tasnim xəbər agentliyinə görə, bu kəsinti nəticəsində İsrail kəşfiyyatı ilə əlaqəli daxili agentlər tərəfindən buraxılan dronların fəaliyyəti dayandırılıb.
İranın hücum qabiliyyəti artdıqca raket zərbələrinin dəqiqliyi də artıb. Cümə günü səhər saatlarında İrana məxsus bir ballistik raket birbaşa Bir Səbə bölgəsinə düşüb və İsrail hava hücumundan müdafiə sistemləri onu tuta bilməyib.
İsrail hakimiyyəti raket zərbələrinin vurduğu yerlərin görüntülərini yayımlayan xarici media qurumlarına qarşı məhdudiyyətlər tətbiq edib və bəyan edib ki, “düşmən bu görüntülərdən istifadə edərək hücum imkanlarını təkmilləşdirir.”
NBC News-un 19 iyun tarixli məlumatına əsasən, İsrailli bir rəsmi bildirib ki, son iki gün ərzində İsrailin hava hücumundan müdafiə sistemlərinin tutma effektivliyi 25 faiz azalıb.