Fələstinin İslam Müqavimət Hərəkatı (HƏMAS) bəyanat yayaraq Qəzzada atəşkəsə dair təklif planı ilə bağlı fələstinli qruplarla məsləhətləşmələr apardığını bildirib.
Qafqaz Times -ın məlumatına görə, HƏMAS bu gün (cümə) səhər bəyanat yayaraq bildirib ki, vasitəçilər tərəfindən təqdim olunmuş təklif planı ilə bağlı fələstinli qrupların liderləri ilə məsləhətləşmələr aparır və yekun qərar məsləhətləşmələr başa çatdıqdan sonra elan olunacaq.
Bəyanatda deyilir: “Hərəkatımız sionist rejimin xalqımıza qarşı təcavüzünə son qoymaq və humanitar yardımların sərbəst şəkildə daxil olmasını təmin etmək məqsədilə vasitəçi qardaşlarımızdan aldığımız təkliflə bağlı fələstinli qruplar və qüvvələrin liderləri ilə məsləhətləşmələr aparır. Yekun qərar məsləhətləşmələr bitdikdən sonra vasitəçilərə təqdim olunacaq və rəsmi şəkildə açıqlanacaq.”
Bu arada bir neçə saat əvvəl Reuters agentliyi israilli mənbəyə istinadla xəbər verib ki, Təl-Əviv Qəzza zolağında atəşkəs razılaşmasını qəbul etməyə hazırlaşır. Məlumata görə, İsrail HƏMAS-dan cavabı sabaha qədər gözləyir və əgər cavab müsbət olarsa, razılaşmanın irəliləməsi üçün qeyri-birbaşa danışıqlarda israilli heyət iştirak edəcək.
Eyni zamanda yəhudi Yediot Ahronot qəzeti iddia edib ki, ABŞ prezidenti Donald Tramp qarşıdakı bazar ertəsi Qəzza zolağında İsrail ilə HƏMAS arasında atəşkəs razılaşmasını rəsmi şəkildə elan edəcək.
