Çinin J-36 və J-50 qırıcılarına aid son görüntülər Pekinin yeni nəsil hava gücü sahəsində artan üstünlüyü ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Aero-kosmik mütəxəssis Bill Svittman “South China Morning Post”a bildirib ki, bu dizaynlar “son dərəcə təsirli və əksər Hollivud qırıcılarından daha cəlbedici” görünür və onları “son onilliklərin ən maraqlı döyüş təyyarə dizaynları” adlandırıb.
Avstraliya Hərbi Hava Qüvvələrinin sabiq zabiti Piter Leyton J-36-nın görünməzlik, uzun mənzilli uçuş və səsdən sürətli kruiz imkanlarını vurğulayıb və təyyarənin “silahlarını buraxmadan öncə vurulmasının çox çətin olduğunu” deyib. O, bu xüsusiyyətləri havada “keyfiyyətcə strateji üstünlük” kimi dəyərləndirib.
Təhlilçi Malkolm Deyvis J-36-nın “hava üstünlüyünə yönəlik dizayn olunduğunu və çox uzun mənzilli raket daşıma qabiliyyətinə malik olduğunu” qeyd edib. Məlumata görə, təyyarə 12-yə qədər vizual məsafədən kənar hava-hava raketi daşıya bilir ki, bu da ABŞ-ın hazırkı qırıcıları ilə müqayisədə təxminən ikiqat çoxdur.
Leyton əlavə olaraq, gövdənin üst hissəsindəki hava qəbul sisteminə diqqət çəkərək bunun üçüncü mühərrik ehtimalını gücləndirdiyini bildirib. Onun fikrincə, iki mühərrik səsdən sürətli kruizi təmin etməkdə yetərsiz ola bilər. Üçüncü mühərrik isə sürəti qorumağa və itələmə gücünü artırmağa yönəlib ki, bu da gələcək hava döyüşlərində vacib üstünlükdür.
Pilotsuz təyyarə dəstələri ilə inteqrasiya
Hər iki qırıcının süni intellekt və ya kvant texnologiyalarını əhatə edib-etmədiyi bəlli deyil, lakin analitiklər hesab edirlər ki, bu təyyarələr pilotsuz uçuş aparatları qruplarını idarə etmək və yüksək riskli tapşırıqları insansız yoldaşlara həvalə etmək üçün nəzərdə tutulub.
Pekinin zaman üstünlüyü
Avstraliya Strateji Siyasət İnstitutundan Malkolm Deyvis hesab edir ki, Çinin 6-cı nəsil döyüş təyyarələri 2030-dan əvvəl xidmətə daxil ola bilər. Halbuki ABŞ-ın F-47 modeli 2030-cu illərin ortalarından əvvəl gözlənilmir. Bu isə Pekinə açıq zaman üstünlüyü verir.