QafqazTimes xəbər verir ki, Fars körfəzi məsələləri üzrə siyasi analitik Fəhd əl-Qüfeyli Səudiyyə vəliəhdinin bu krallıqdakı qəbilələrə qarşı apardığı müharibənin vasitə və məqsədlərini açıqlayıb. Fəhd əl-Qüfeyli silsilə tvitlərində yazıb: “Ərəb qəbilələri Fars körfəzi ölkələrinin, o cümlədən Səudiyyə Ərəbistanı Krallığının onurğa sütununu təşkil edib və əsrlər boyu Ərəbistan yarımadasında təhlükəsizlik klapanı hesab ediliblər. Çünki onlar İslam əxlaqının və ərəb dəyərlərinin qorunub saxlanmasında əsas rol oynamış və bölgə hakimlərini dəstəkləyən, müdafiə edən, onlara yardım edən ilk qüvvə olmuşlar.”
Əl-Qüfeyli əlavə edib: “Əsrlər boyu Ərəbistan yarımadasında bir sıra səltənətlərin olmasına baxmayaraq, onların heç biri qəbilələri zəiflətməyə və ya onları məhv etməyə və onları İslam və ərəb irsi dəyərlərindən məhrum etməyə cəsarət etməmiş, əksinə onların əksəriyyəti hökumətlərinin sabitliyini təmin etmək üçün onları gücləndirməyə, şeyxlərinin və rəhbərlərinin sədaqətini qazanmağa çalışmışlar.”
O, həmçinin qeyd edib: “Səudiyyənin Londondakı səfiri Xalid bin Bəndər açıq şəkildə bəyan etdi ki, Səudiyyə Ərəbistanı dünyada dinə əsaslanan hökumət deyil, sadəcə səud, ilk növbədə digərlərinə qarşı müharibədə qalib gələn bir qəbilə idi, lakin buna baxmayaraq, tayfalar Bin Salmanın ədalətsizliyindən və qəddarlığından amanda deyillər.”
Bu siyasi ekspert həmçinin bildirib ki, Bin Salman bir çox qəbilələrə qarşı gizli müharibə aparıb ki, bunlardan ən başlıcası böyük qəbilələrin dağılması və zəiflədilməsi, onların nüfuz və dəyərlərinin gözdən salınması, qəbilələrin şeyxlərinin və böyüklərinin həbs edilməsi, qəbilələr arasında nifaq salınması və zorla onların torpaqlarından çıxarılmasıdır.
Fəhd əl-Qüfeyli, bin Salmanın qəbilələri parçalamaq və onların şeyxlərini zəiflətmək üçün kampaniyaya başladığını, o cümlədən Hərb qəbiləsinin iki şeyxinin, Xalid bin Qərar əl-Hərbi və Doktor Əbdürrəhman Alyubinin xidmətlərini tamamladıqdan sonra ittiham olunaraq həbs olunduğunu bildirib.
Bundan əvvəl Amerika Geosiyasi Gələcək Araşdırmaları Mərkəzi araşdırmasında bəyan etmişdi ki, bir çox Səudiyyə qəbilələri, o cümlədən Əl-Maliki, Əl-Dəvasir və Əl-Şimri, hökumət onlara vətəndaş kimi yanaşmadığı üçün özlərini marjinal hiss edirlər. Bu araşdırmada bu qəbilələrin torpaqların 60%-nə və böyük neft gəlirlərinin 30%-nə nəzarət edən Ali Səudu oğurluqda günahlandırdığı ifadə edilir.
Araşdırma nəticəsində məlum olub ki, Səudiyyə hökuməti qəbilə sisteminin fövqündə duran milli kimliyi təbliğ edir və bu, 2030-cu il üçün milli transformasiya layihəsinin bir hissəsidir. Bundan əlavə, qəbilə kimliyinin ləğvi Ali Səudun hakimiyyətinin sona çatmasına səbəb ola biləcək siyasi islahatlarla nəticələnə bilər.