QafqazTimes xəbər verir ki, Livanın Xarici İşlər Nazirliyi bu bazar günü axşam sionist rejimin Suriyaya raket hücumlarını pisləyib.
Əl-Məyadin xəbər telekanalı Livanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu səhər sionistlərin Dəməşqə etdiyi hücumları və bir neçə dinc sakinin ölümü Suriyanın suverenliyinə və xalqına qarşı yeni təcavüzdür.
Livanın Xarici İşlər Nazirliyi Suriya xalqının son dağıdıcı zəlzələnin təsirlərindən hələ də əziyyət çəkdiyini vurğulayaraq bildirib ki, bu təcavüz beynəlxalq hüquq normalarının açıq şəkildə pozulmasıdır və göstərir ki, sionist rejim heç bir şəraitdə hücumların səbəb olduğu iztirablara əhəmiyyət vermir.
Bununla əlaqədar olaraq Livan və Suriya Parlamentinin Qardaşlıq və Dostluq Komitəsinin üzvləri axşam saatlarında Suriya prezidenti Bəşər Əsədlə görüşmək üçün Suriyaya səfər ediblər.
Bəşər Əsəd bu gün səhər Dəməşqə gələn nümayəndə heyəti ilə görüşündə vurğulayıb ki, Suriya hökuməti zəlzələdən zərər çəkənlərə yardım göstərmək üçün Livanın rəsmi və xalq humanitar yardımını yüksək qiymətləndirir.
O, Suriya və Livan münasibətlərini ilk növbədə qardaşlıq münasibətləri hesab edərək deyib: “Bu qardaşlıq münasibətləri bir prinsipdir və rəsmi siyasətlər iki xalqın ümumi maraqlarına kömək etmək və onların üzləşdiyi problemləri həll etmək məqsədi daşımalıdır.”
Livan heyəti isə vurğulayıb ki, onların Dəməşqə səfəri Livan xalqının həmrəyliyinin dərinliyini və Suriya xalqına dəstəyini göstərməkdir. Bu nümayəndə heyətinin üzvləri bildiriblər ki, ikitərəfli münasibətlər bütün səviyyələrdə inkişaf etdirilməli və “iki qardaş ölkədə vahid xalqın maraqlarını təmin edən” səviyyəyə çatmalıdır.