Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) tərəfindən yayımlanan bəyanatına görə, agentliyin təftiş heyəti İrandan çıxıb.
Qafqaz Times -ın məlumata görə, BAEA, bəyanatında bildirib: “Beynəlxalq Atom Enerjisi Agentliyinin təftiş heyəti, son hərbi qarşıdurmalar zamanı Tehranda qaldıqdan sonra, bu gün sağlam şəkildə İrandan ayrılıb və Vyanadakı agentliyin qərargahına geri dönəcək.”
Bəyanatda, BAEA-nın Baş Direktor Rafael Qrosi, agentliyin İranla aparacağı danışıqların vacibliyini və təftiş və doğrulama fəaliyyətlərinin ən qısa zamanda bərpa edilməsi üçün zəruri olan metodlar barədə İranla müzakirələrin önəmini vurğulayıb.
Bu hadisə, İran Parlamentinin 4 iyulda keçirilən iclasında, beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan layihənin əsasını müzakirə etdiyi bir vaxtda baş verir. Parlamentin 223 üzvündən 221-i layihənin əsasını dəstəkləyib, tək bir nəfər bitərəf qalıb, heç kim isə əleyhinə səs verməyib.
Bu layihənin əsas maddəsində qeyd edilir: “İsrail və ABŞ rejimlərinin ölkənin sülh məqsədli nüvə obyektlərinə qarşı həyata keçirdiyi milli suverenlik və ərazi bütövlüyü pozuntularına və İslam Respublikası İranın yüksək mənafeyinə təhlükə yaratmasına görə, 1969-cu il Vyana Konvensiyasının 60-cı maddəsinə əsasən, hökumət bu qanun qəbul edildikdən dərhal sonra, NPT (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi) və ona əsaslanan təhlükəsizlik təminatları ilə bağlı BAEA ilə əməkdaşlığı təxirə salmalıdır.”
Bu layihənin ayrıca maddəsində, şərtlərin yerinə yetirilməsi, İranın Atom Enerjisi Təşkilatının hesabatı və Milli Təhlükəsizlik Şurasının təsdiqi ilə müəyyən ediləcəkdir. Hökumət hər üç ayda bir, bu şərtlərin həyata keçirilməsi barədə Parlamentə və Milli Təhlükəsizlik Şurasına hesabat təqdim etməyə borcludur.