İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordunun hər hansı bir təhdidə münasib cavab verməyə hazır olduğunu vurğulayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, general-leytenant Məhəmməd Baqeri bu gün ( 10 fevral) deyib: Silahlı Qüvvələr hər zaman olduğundan daha yaxşı vəziyyətdədir və istənilən təhdidə cavab verməyə hazırdır.
Məhəmməd Baqeri həmçinin əlavə edib: İslam İnqilabının Ali Məqamlı Rəhbəri son çıxışında İran İslam Respublikasının mövqeyini ifadə edib.
Qeyd edək ki, fevralın 4-də Tramp İrana qarşı ABŞ-nin maksimum təzyiqinin bərpası haqqında fərman imzalayıb. Sənəd Vaşinqtonun İran neftinin ixracının azaldılmasına yönəlmiş səyləri gücləndirməsini də nəzərdə tutur. Eyni zamanda Tramp İran Prezidenti Məsud Pezeşkianla görüşün keçirilməsi mümkünlüyünü istisna etməyib və Tehranla “əla sövdələşmə” bağlamaq istədiyini bildirib. Tramp bu sərəncamı Ağ Evdə Netanyahu ilə görüşündən əvvəl imzalayıb.
“Axios” portalının məlumatına görə, Netanyahu Trampı İranın yerin dərinliyində yerləşən nüvə obyektlərini məhv edə biləcək silahları İsrailə verməyə razı salmaq istəyib. İsrail rəhbərliyi uzun müddətdir ki, onları öz ölkəsi üçün ekzistensial təhdid adlandırır. Tehran isə bildirir ki, İranın nüvə proqramı yalnız dinc xarakterlidir və nüvə silahının yaradılması Ali Rəhbərin fərmanı ilə qadağan edilib.