İraq Səhiyyə Nazirliyi Aşura mərasimlərində iştirak edən 12 milyondan çox zəvvara xidmət göstərildiyini açıqlayıb.
Qafqaz Times -ın məlumatına görə, İraq Səhiyyə Nazirliyinin rəsmiləri Kərbəla şəhərində İmam Hüseyn (ə.s.) -ın Aşura mərasimlərində iştirak edən 12 milyondan çox zəvvara tibbi və səhiyyə xidməti göstərildiyini bildiriblər.
İraq Daxili İşlər Nazirliyi də Aşura mərasimi üçün xüsusi təhlükəsizlik planının uğurla icra edildiyini vurğulayıb.
Nazirlik qeyd edib ki, Kərbəlada keçirilən Aşura mərasimində İraqdan kənardan da on minlərlə zəvvar iştirak edib və onların giriş-çıxışı tamamilə rahat və problemsiz həyata keçirilib.
İraqın Neft naziri isə Aşura mərasimləri münasibətilə yanacaq təminatı və xidmətlərin göstərilməsi ilə bağlı xüsusi planın uğurla yerinə yetirildiyini elan edib.
İmam Hüseyn (ə.s) -ın Müqəddəs Hərəmi də milyonlarla daxili və xarici zəvvarın iştirakı ilə Aşura mərasimlərinin canlandırılması üçün xüsusi planın uğurla həyata keçirildiyini bildirib.
İraqın Daxili İşlər naziri Əbdüləmir əl-Şəməri Aşura günü üçün koordinasiya və nəzarət planının da uğurla icra olunduğunu vurğulayıb.
