Astaraçayın daşması nəticəsində Ərçivan qəsəbəsində 160 fərdi evin həyətini su basıb.
Astara rayonunun 15 mindən çox sakinin istifadə etdiyi körpünü sel uçurub. 40 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Bu barədə Astara Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, yağışlı hava şəraitinin davam etməsi fəsadların aradan qaldırılmasına maneə törədir:
“Pensər-Taxtanakəran-Toradi avtomobil yolunun 5-ci km-də Vaqo kəndində yerləşən uzunluğu 25, eni 10 metr olan dəmir-beton körpü dağılıb. Siyəku kənd inzibati ərazi dairəsi üzrə 24 kənd, Asxanakəran kənd inzibati dairəsi üzrə nümayəndəliyi üzrə 10 kənd, Hamoşam kənd ərazi inzibati dairəsi üzrə nümayəndəliyin üzrə 6 kəndlə əlaqə kəsilib.
Eləcə də Siyakeş kəndində Pensərçay üzərində yerləşən uzunluğu 10 metr olan dəmir körpünü sel aparıb. Taxtanakəran-Toradi avtomobil yolunun 20-ci km-də torpaq sürüşərək 30 metr məsafədə yolu bağlayıb. Kijəbə-Pəlikeş avtomobil yolunun 11-ci km-dən başlayaraq bir neçə hissədə torpaq sürüşmələri baş verib və yol bağlanıb”.
Bildirilib ki, Ərçivan çayı daşıb və nəticədə qəsəbə ərazisində 200-ə yaxın ev və həyət su altında qalıb:
“Şiyəkəran kəndində isə Pensərçayın üzərində yerləşən uzunluğu 42 metr olan və uzunluğu 54 metr olan iki asma körpü də sel nəticəsində uçub. Baş verən təbiət hadisəsi ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb. Fövqəladə Komissiya tərəfindən daxil olan müraciətlər qeydə alınaraq zəruri tədbirlərin görülməsinə başlanılıb”.
Bu barədə Astara Rayon İcra Hakimiyyətinin Ərazi üzrə İdarəetmə şöbəsinin əməkdaşı Xanverdi Şirinov məlumat verib.
Onun sözlərinə görə, Astara rayonu Vaqo kəndi ərazisində körpü tamamilə uçub:
“Asma körpünü yağış suları uçurub. Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq şöbəsinin əməkdaşları tərəfindən ərazilərdə zəruri tədbirlər görülür. Artıq su yavaş-yavaş çəkilir. Suyun səviyyəsi həddən artıq çox olan bir neçə ailə təxliyə edilib. Hava şəraitində asılı olaraq axşam saatlarında yenidən yağışın intensivləşməsi gözlənilir. Bu səbəbdən müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir”.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bəzi yerlərdə suyun səviyyəsi həddən artıq qalxdığına görə yaşayış yerlərini tərk edə bilməyən ailələr təxliyə ediliblər:
“Subasma səbəbindən evdən çıxmaqda çətinlik çəkən 38 nəfərə əməkdaşlarımız tərəfindən köməklik göstərilib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ərazidə təxliyə işlərini həyata keçirir və suyun əks axınını təmin etmək üçün işlər görülür”.
“Meliorasiya və Su Təsərrüfatı” ASC-in nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Pensərçay ciddi fəsadlara səbəb olmayıb:
“İntensiv yağışlar çayda suyun səviyyəsinin normadan çoxalmasına səbəb olub. Müəyyən mənada daşqın olub lakin evlərə, həyətyanı sahələrə ciddi ziyan dəyməyib. Hazırda yerli istismar idarəsinin texnikaları ərazidə çalışır. Yağış sularının Pensərçaya axıdılması istiqamətində zəruri addımlar atılır”.
D.Şərifov deyir ki, yağış suları Zaqatalada da bir sıra fəsadlara səbəb olub:
“Texnikalarımız ərazidədir, gücləndirilmiş iş rejimində çalışırlar. Öncədən selin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülüb. Bu saata qədər bizim fəaliyyətimizə dair elə bir ciddi fəsadlar qeydə alınmayıb”.
“İntensiv yağan yağış səbəbindən Lənkəranda 50-yə yaxın yaşayış evi və həyətyanı sahələri su basıb”.
Bu barədə Lənkəran Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, 17 sentyabr tarixində, axşam saatlarından başlayan leysan yağışları nəticəsində Lənkərançay çayı məcrasından çıxıb:
“Nəticədə Lənkəran şəhəri və Sütəmurdov kəndində çay sahilində yerləşən 50-yə yaxın yaşayış evi və həyətyanı sahələri su basıb. Hazırda Lənkəran ŞİH-də fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası və Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional İdarəsinin əməkdaşları ərazidə operativ tədbirlər həyata keçirilir. Eyni zamanda komissiya dəymiş ziyanla bağlı araşdırma aparır”.