QafqazTimes xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Donbas bölgəsində xüsusi hərbi əməliyyatlara görə Rusiyaya qarşı ittihamlarını davam etdirərək, bu ölkəni terrorçu kimi xarakterizə edib.
Cümə axşamı Lvovda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşlə birgə keçirdiyi mətbuat konfransında Zelenski “Rusiya Ukraynaya qarşı siyasətinə görə terrorçu ölkədir” deyib.
“Sputnik” xəbər agentliyinin məlumatına görə, o, Quterreşlə görüşü barədə deyib: “Biz BMT-nin baş katibindən Rusiya həbsxanalarındakı məhbuslarımızın azadlığa buraxılması üçün BMT-nin mexanizmlərini işə salmağı xahiş etmişik.”
Rusiya Zaporojye AES-ə hücumun Kiyev qüvvələri tərəfindən olduğunu desə də, Ukrayna prezidenti deyib: “Rusiya Zaporojye AES-dəki qüvvələrini çıxarmalı və bizi nüvə fəlakəti ilə üz-üzə qoymamalıdır.”
Zelenski iddialarına belə davam edib: “Biz Rusiya tərəfindən məhv edilmiş dünya nizamının əsaslarını bərpa etmək istəyirik. Rusiya ilə danışıqlar o halda mümkündür ki, bu ölkənin qüvvələri Ukraynanın işğal olunmuş ərazilərini tərk etsin.”
Bu görüşdə Ərdoğan həmçinin ukraynalı həmkarı ilə Kiyev və Moskva arasında əsirlərin mübadiləsini, həmçinin Ukraynada atəşkəs və sülhün bərqərar olması imkanlarını müzakirə etdiyini bildirib.
Quterreş, həmçinin Ukraynanın cənub-şərqindəki Zaporojye AES-ə və ətrafına son raket hücumları ilə bağlı narahatlığını ifadə edib və bu atom elektrik stansiyasında silahsızlaşdırılmış zonanın yaradılması tələbini təkrarlayıb.