Yol polisi xidməti maşını idarə edərkən mobil telefonla danışdı: “Qanun icazə verir” (Video izlə)

Dövlət Yol Polisi əməkdaşının xidməti avtomobili idarə edən zaman sükan arxasında mobil telefonla danışması ilə bağlı görüntülər yayılıb. 

Video sosial şəbəkələrdə paylaşıb. 

Bakıda lentə alınan görüntülərdə yeraltı keçiddə yolun sol zolağı ilə hərəkətdə olan YPX avtomobilini idarə edən polisin sükan arxasında mobil telefondan istifadəsi əks olunub. 

Sosial şəbəkə istifadəçiləri YPX əməkdaşının yol hərəkəti qaydalarını heçə saydığı, qanunun hamı üçün eyni olduğu ilə bağlı şərhlər yazıblar və xüsusilə qeyd ediblər ki, operativ nəqliyyat vasitəsinin sayrışan işıqları və səs siqnalı qoşulu deyil.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, xidmət zamanı telefonla danışmaq qadağası yoxdur:

“Polis xidməti maşınında ratsiya ilə danışa bilərsə, demək ki, telefonla da danışa bilər. Polisə operativ olmaq üçün icazə verilir. Hadisə baş verdikdə əlaqə saxlayıb, dərhal müdaxilə edə bilsin.

İnsandır, bəlkə ratsiya ilə əlaqə saxlaya bilmir. Mobil telefonla əlaqə yaratmalıdır. Məntiqlə düşünək. Bəlkə ratsiyada problem yaşanıb. Qanun buna icazə verir. Bunlar mənim şəxsi fikrim deyil. Polis formasında oturub şəxsi maşında telefon qulağında danışırsa, o qayda pozuntusudur”.

Araz Əsgərli əlavə edib ki, polisə düşmən kimi yanaşmaq lazım deyil:

“Polisdən əl çəksinlər. İnsanlar özləri qanuna riayət etsinlər. Polis maşınında YPX əməkdaşı kəmər taxmaya da bilər. Polisə düşmən kimi baxırlar. Kəmər bağlana, kilidlənə bilər. “Polis kəmər taxmadı, xidməti maşınında telefonla danışdı” kimi fikirləri müzakirə etməkdənsə, öz təhlükəsizliyiniz və sağlamlığınız üçün qaydalara riayət edin”.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO