Mədəniyyət Nazirliyi tərəfindən Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktorun ilk iş günündə qalmaqal yaşanması barədə araşdırma aparılır.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, məktəbdə baş verən hadisə ilə bağlı məsələ Mədəniyyət Nazirliyi tərəfindən araşdırılır və yaxın günlərdə ictimaiyyətə daha geniş məlumat veriləcək.
Qeyd edək ki, Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktorun ilk iş günündə qalmaqal yaşanıb.
Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov uzun illər Göyçay rayon Uşaq Musiqi Məktəbinə rəhbərlik edən Rövşən Zamanovu işdən azad edib və onun yerinə Ağdaş musiqi məktəbində nəzəriyyə müəllimi kimi çalışan Günay Hacıyevanı direktor təyin edib. Musiqi məktəbinin kollektivi toplaşaraq yeni təyinata qarşı etiraz edib.
İşçilər bildiriblər ki, yeni təyin olunan direktor Günay Hacıyeva Şəki Musiqi Kollecini bitirib, onun idarəetmə bacarığı aşağı səviyyədədir. Göyçay Uşaq Musiqi Məktəbində uzun illər fəaliyyət göstərən ali təhsilli musiqi müəllimləri çalışırlar, onların kifayət qədər idarəetmə bacarığı var. Etirazçı müəllimlər çalışdıqları məktəbə direktorun öz kollektivi içərisindən ali təhsilli bir nəfərin seçilərək təyin olunmasını istəyirlər.
Qeyd edək ki, bu gün səhər saat 8:30 radələrində Göyçay rayon Uşaq Musiqi Məktəbinin kollektivi təhsil ocağının foyesinə toplaşaraq yeni təyin olunan direktor Günay Hacıyevanı qapıdan içəri buraxmayıblar, müəllimlər etiraz edərək onu məktəbdən qovublar.
Məsələ ilə bağlı Ağdaş Regional Mədəniyyət İdarəsinin rəhbəri Səxavət Məmmədov bildirib ki, təxminən 20 il iş təcrübəsi olan Günay Hacıyeva onun əmri ilə Göyçay Uşaq Musiqi Məktəbinə direktor təyin olunub və o, dünən özünün iştirakı ilə kollektivə təqdim olunub. Bu gün səhər saatlarında nədənsə məktəbdə ona qarşı narazılıq yaranıb. Səxavət Məmmədov regional idarənin nümayəndələrindən ibarət komissiyanın hazırda həmin məktəbə göndərildiyini, məsələnin araşdırılacağını, günün ikinci yarısında isə özü də məktəbə gedərək kollektivlə yenidən görüşəcəyini bildirib.