Yaponiyada ənənəvi olaraq başa çatmaqda olan ilin simvolu seçilib. Bu münasibətlə təntənəli mərasim Kiotodakı buddist “Təmiz Su məbədi”ndə keçirilib.
Geridə qoyduğumuz 2022-ci ilin rəmzi kimi “ikusa” (“mübarizə”, “müharibə”) heroqlifi təyin olunub. Simvol 130×150 sm ölçülü düyü kağızı üzərində məbədin abbatı, rahib Seyhan Mori tərəfindən çəkilib.
Təşkilatçıların sözlərinə görə, koronavirusa qarşı davam edən mübarizəyə, Ukraynadakı münaqişəyə, habelə yapon idmançılarının Pekin Qış Olimpiya Oyunlarında uğurlu çıxışına görə belə bir seçim edilib.
Yaponiyada ilin simvolunun müəyyən edilməsi 1995-ci ildən həyata keçirilir. Xatırladaq ki, 2021-ci ilin simvolu Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarında yapon idmançıların qazandıqları çoxlu sayda qızıl medallara işarə kimi “kin” (“qızıl”,“pul” mənasına gəlir) olmuşdu. Yapon rahiblər 2020-ci ildə isə “sıxlıq”, “darlıq” mənasını verən “mitsu” simvolu üzərində dayanmışdılar. Belə ki, Yaponiyada koronavirus pandemiyasına qarşı mübarizə zamanı “üç mitsu” (“sanmitu” və ya “mitsu-no mitsu”) ifadəsi çox işlənib. Seçim koronavirus pandemiyası üçün üç tövsiyə – insanların sıx toplaşdıqları yerlərdən, dar məkanlardan və insanlar arasında sıx görüşmələrdən çəkinmə ilə əlaqədar edilib.