Yəməndəki Husi qiyamçıları Qırmızı dənizdəki gəmi hücumlarını niyə yenidən başladıb və bu, nə ilə nəticələnə bilər?

İranın dəstəklədiyi Husi qiyamçıları Qırmızı dənizdəki gəmi hücumlarını yenidən başlayıblar. Onların əsas məqsədi İsraili Qəzzada atəşkəsə məcbur etməkdir. Bu gediş Vaşinqtonla əldə olunmuş atəşkəsi təhdid etməklə yanaşı, beynəlxalq dəniz ticarətini də sarsıdır.

Husi döyüşçüləri bu həftə “Magic Seas” və “Eternity C” adlı iki gəmini vurduqlarını bildiriblər. Onların iddiasına görə, bu gəmilər İsrail ilə ticarət əlaqəli olub.

Hücumların bərpası ABŞ və İran arasında 12 günlük dağıdıcı müharibədən sonra baş tutan mümkün danışıqlar ərəfəsində baş verir. Eyni zamanda, Qətərdə HƏMAS və İsrail arasında atəşkəs müzakirələri də davam edir.

Husilər niyə indi hücuma keçdi?

Qərb donanmalarının idarə etdiyi Birgə Dəniz Məlumat Mərkəzinə əsasən, Husi döyüşçüləri 2023-cü ilin noyabrından bəri Qırmızı dəniz və Ədən körfəzində 100-dən çox hücum həyata keçirib.

Bu ilin əvvəllərində Qəzzada müvəqqəti atəşkəs dövründə hücumlara ara versələr də, keçən həftə sonu hücumları yenidən başladılar.

Onlar hücumları Qəzzadakı fələstinlilərə dəstək məqsədilə etdiklərini deyirlər. Husilərin siyasi lideri Mehdi əl-Məşət Dohada HƏMAS nümayəndələrinə belə deyib: “Başınızı dik tutun danışıqlarda, çünki biz sizinləyik və xalqımızın bütün imkanları sizi dəstəkləyəcək.”

Lakin müşahidəçilər qeyd edir ki, bu hücumlar təkcə Qəzzaya dəstək məqsədi daşımır.

Bu, həm də İranın İsraillə apardığı, “müqavimət oxu” adlanan koalisiyadan – HƏMAS və Hizbullah da daxil – faktiki olaraq heç bir dəstək görmədiyi müharibədən sonrakı dövrə təsadüf edir.

Səna Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Macid əl-Mədhaci deyir: “Bu, İnqilab Keşikçiləri tərəfindən, onların əsas müttəfiqi olan Husi hərəkatı vasitəsilə mesajdır: əvvəlki döyüşdə istifadə edilməyən güc, təkrarlanarsa, bu dəfə işə salına bilər.”

Vaşinqtondakı Yaxın Şərq Siyasəti üzrə İnstitutda dəniz hücumlarını izləyən Noam Raydan isə bildirir ki, Husilər hücumlara fasilə verdikləri dövrdə belə gəmi hərəkətlərini diqqətlə izləyiblər: “Onlar daim mövcud olduqlarını göstərməyə çalışıblar.”

Nə əldə etmək istəyirlər?

İran əsas dəstəkçi olsa da, Husilər yalnız onun “vasiti” deyillər – onların öz ambisiyaları və regional rolu ilə bağlı arzuları var.

Britaniyanın Chatham House beyin mərkəzindən tədqiqatçı Farea əl-Muslimi bildirib ki, bu hücumlar “güc nümayişidir”. Onun sözlərinə görə, bu yolla Husilər “regional və beynəlxalq səviyyədə öz güclərini göstərmək” istəyirlər.

Qəzzada və Livanda baş verən müharibələr HƏMAS və Hizbullahı zəiflədərkən, Husilər “müqavimət oxu”nun az zərər görmüş yeganə üzvü kimi önə çıxırlar.

İsrail Husi bazalarına hava zərbələri endirsə də, Husilər hələ də ballistik raketlər və dronlarla cavab verir.

Vaşinqton bu ilin əvvəlində Husilərə qarşı hava hücumları həyata keçirdi, lakin may ayında bu hücumlara son qoyaraq Husi hücumlarının dayandırılması qarşılığında atəşkəsə razılaşdı.

Farea əl-Muslimi deyir: “ABŞ-ın kampaniyası Husilərin bəzi rabitə və hərbi imkanlarını zədələdi, amma onların ehtiyatları genişdir və çox tez öz infrastrukturunu bərpa etdilər.” Onun sözlərinə görə, Husi dəniz qüdrəti “artıq zirvəyə çatıb.”

O əlavə edir ki, İsrailə qarşı həyata keçirilən hücumlar məhdud nəticə versə də, gəmiçilik hücumları “Qərbi və Şərqin əksər hissəsini qan itirməyə məcbur edən çox təsirli vasitə olub.”

Risklər nədir?

Husi hücumları Bab əl-Məndəb boğazı və Qırmızı dənizdəki vacib dəniz yolunu ciddi şəkildə pozub. Bu marşrutla normalda qlobal ticarətin 12 faizi həyata keçirilir.

Sığorta haqları kəskin artdığından bir çox gəmiçilik şirkətləri Afrikanın cənubundan dolaşan daha uzun, lakin təhlükəsiz marşrutu seçməyə məcbur olublar.

Raydanın sözlərinə görə, “2023-cü illə müqayisədə Bab əl-Məndəbdən keçid 50 faizdən çox azalıb.”

O bildirir ki, bölgədə dəniz qüvvələrinin azlığı Husilərə hücum etmək üçün geniş imkan verib: “Husilər indi naviqasiyanın azadlığına qarşı daha rahat hücum edə bilirlər.”

ABŞ-la imzalanmış atəşkəsin taleyi – hansı ki, Qırmızı dənizdə naviqasiyanın təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuşdu – indi qeyri-müəyyənliklə qarşı-qarşıyadır.

İsrailin xarici işlər naziri Gideon Saar isə xəbərdarlıq edib: “Əgər Husilərlə üz-üzə gəlinməzsə, bu problem yalnız böyüyəcək.”

Mənbə: AFP

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib