Ankara məhdud hərbi imkanlara və ehtiyatlı xarici siyasətə malik olduğuna görə, Suriyada İsrailin hava zərbələrinə qarşı ciddi təsir gücü yoxdur.
Aprel ayında Bakıda keçirilən gizli görüşdə Türkiyə və İsrail rəsmiləri arasında gözlənilməz şəkildə səmimi bir atmosfer yaranmışdı.
İlkin görüşdə tərəflər Suriyada hər iki ölkənin hərbi qüvvələri, təyyarələri və pilotsuz aparatlarının fəaliyyət göstərməsi səbəbindən qarşılıqlı anlaşılmazlıqların və qəza risklərinin qarşısını almaq üçün birbaşa rabitə xətti yaradılması barədə razılığa gəlmişdilər.
Həmin axşam nümayəndə heyətlərinin rəhbərləri – biri Türkiyənin kəşfiyyat orqanından, digəri İsrailin milli təhlükəsizlik şurasından – birlikdə yerli restoranda yemək yeyirdilər. Bu zaman İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq təsadüfən həmin restorana daxil oldu. Mühafizəçilər onu sakitcə məlumatlandırdılar ki, yanlış yerə gəlib və o, heç bir nümayəndəni tanımadan oranı tərk etdi.
Bu hadisə Suriyadakı vəziyyəti xatırlatdı: iranlılar Suriyadan uzaqlaşdırıldıqca, həm İsrail, həm də Türkiyə öz spesifik maraqlarını izləyirdilər – bəzən bu maraqlar üst-üstə düşür, bəzən isə ziddiyyət təşkil edir.
Etimadın qurulması və itirilməsi
Uzun illər Bəşər Əsədə qarşı olan Suriya müxalifətini dəstəkləyən Türkiyə, yeni hakimiyyətlə sıx əlaqələr qurub. Apreldə İsrailin Türkiyə hərbçilərinin yerli qüvvələri hazırlamaq və İŞİD-ə qarşı əməliyyatlar aparmaq üçün ələ keçirmək istədiyi bir neçə Suriya hava bazasına zərbə endirməsinə Ankara ölçülü cavab verdi. ABŞ-ın təşviqi ilə Türkiyə İsraillə danışıqlar yolu ilə ortaq məxrəcə gəlməyə çalışdı.
İsraillərin əsas narahatlıqları bunlar idi: əgər Türkiyə T4 bazasında müasir radar və hava hücumundan müdafiə sistemləri yerləşdirsəydi, İsrailin İranı hədəf alan əməliyyatları üzə çıxa bilərdi. Eyni zamanda, Türkiyə sistemləri bəzi hava əməliyyatlarını tamamilə əngəlləyə bilərdi.
Bu məsələləri nəzərə alaraq, türkiyəlilər sonrakı Bakı görüşlərinə suriyalı nümayəndələri də cəlb etdilər. Etimad yaratmaq üçün suriyalılar cənub Suriyanın müəyyən bölgələrinə ordu yerləşdirməyəcəklərinə söz verdilər.
Ankara İsrailə göstərməyə çalışırdı ki, Suriyanı İsrail üçün təhlükəyə çevirmək niyyətində deyil.
Lakin üç ay sonra baş verən yeni böhran göstərdi ki, İsraillə aparılan danışıqlar Suriyaya dair əsas fikir ayrılıqlarını aradan qaldırmayıb.
Drüzi və bədəvi qrupları arasında baş verən qanlı toqquşmalardan sonra Suriya hökuməti yerli rəhbərlərin tələbi ilə Suveydaya qoşun yeritdi. Bu isə İsrailin Suriya ordusuna qarşı kəskin zərbələr endirməsinə səbəb oldu.
Suriyalı qüvvələr ərazidə nəzarəti bərpa etdikcə, İsrail qırıcıları Dəməşqdə – Müdafiə Nazirliyi və Prezident Sarayına yaxın məntəqələr daxil olmaqla – yeni hədəflərə hücum etdi.
Çərşənbə günü həyata keçirilən bu hava zərbələri xüsusilə təəccüblü oldu. Çünki həmin gün Suriya prezidenti Əhməd əl-Şaraa bazar günü Azərbaycana səfər etdikdən sonra Bakı şəhərində İsrail və Suriya nümayəndələri arasında daha bir görüş planlaşdırılmışdı.
Bu zərbələr Türkiyəni çətin vəziyyətə saldı. Ankara yalnız Vaşinqtonu Netanyahuya atəşkəsi qəbul etdirməyə çağırmaqla kifayətləndi.
Həmin gün Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirdi ki, Türkiyə Suveyda böhranı ilə bağlı mövqeyini və təkliflərini İsrailə kəşfiyyat kanalları vasitəsilə çatdırıb, lakin atəşkəsin yalnız ABŞ-ın vasitəçiliyi ilə mümkün ola biləcəyini vurğulayıb.
Onun bəyanatı göstərdi ki, Ankara hələ də İsraillə birbaşa dialoq yolunu tutur, qarşıdurmadan qaçır.
İranın səhvlərini təkrarlamamaq
Sosial şəbəkələrdə bir çoxları Türkiyəni İsrailin hava hücumlarının qarşısını almaq üçün hava hücumundan müdafiə sistemlərini yerləşdirməyə çağırırdı. Digərləri isə Türkiyənin dərhal Suriyadakı hərbi bazaları nəzarətə götürməsini tələb edirdilər.
Ancaq rəsmi şəxslər MEE-yə bildiriblər ki, Türkiyənin Suriyada İsraillə birbaşa qarşıdurmaya girmək, ölkəni daha bir müharibə meydanına çevirmək istəyi yoxdur – xüsusilə 13 illik vətəndaş müharibəsindən sonra.
Onlar hesab edirlər ki, bu gərginlik Suriyanın dövlət kimi bərpasına və beynəlxalq sərmayənin cəlb olunmasına ciddi zərbə vura bilər. Həmçinin Türkiyə də iqtisadi baxımdan xarici sərmayəyə ümid edir.
Türkiyə rəsmiləri hesab edir ki, böhranlar diplomatik yollarla həll olunmalıdır. Çünki İsrail hərbi toqquşmalardan genişlənmə siyasətini əsaslandırmaq üçün istifadə edir.
Eyni zamanda, Türkiyə Suriyada İranın buraxdığı səhvləri təkrarlamaq istəmir. Tehran kimi bölgədə hegemonluq qurmaq və ya Şaraa hökumətinin legitimliyini sarsıtmaq Türkiyənin planlarına daxil deyil.
Lakin Ankara hesab edir ki, İsrail qəsdən böhran yaradır və hərbi müdaxilələr üçün bəhanə axtarır. İsrailli rəsmilər də açıq şəkildə bildirirlər ki, Suriya parçalanmalıdır.
Əgər Türkiyə sərt gücdən istifadə etmək istəsə belə, buna nail olmaq üçün hərbi imkanları yetərli deyil.
“Türk ordusunun Dəməşq səmasında hava təhlükəsizliyini təmin etməsi üçün uyğun hava hücumundan müdafiə və aviasiya imkanları lazımdır,” – deyə müdafiə sahəsində ekspert Yusif Akbaba çərşənbə günü indi silinmiş paylaşımında yazmışdı.
“Mövcud inventarımız (bir müəssisəyə, idarəyə, təşkilata məxsus olan avadanlığın, ləvazimatın və s.-nin məcmusu.) Türkiyənin öz müdafiəsi üçün belə kifayət etmir, başqa ölkəni necə qoruya bilərik?”
O əlavə edib ki, bu sahədə Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər kimi ölkələrin imkanları Türkiyədən qat-qat üstündür.
Türkiyə hava müdafiəsini gücləndirməlidir
Türkiyənin yaşlanmış F-16 döyüş təyyarələri modernizasiya tələb edir. Bunun üçün ABŞ-la milyardlarla dollarlıq razılaşma və Eurofighter təyyarələri ilə bağlı danışıqlar davam edir.
Ankara milli istehsal olan Hisar qısa və orta mənzilli hava hücumundan müdafiə sistemlərinə malik olsa da, onların sayı məhduddur.
Türkiyə hərbi planlaşdırıcıları hətta Rusiyadan alınmış S-400 raketlərinin Suriyada, ehtimal ki, T4 bazasında yerləşdirilməsini də nəzərdən keçiriblər. Amma Vaşinqton bu ideyaya qarşı çıxıb.
Türkiyəli hərbçilər Dəməşqə dəfələrlə səfər etsələr də, Suriyada daimi baza qurmaq məsələsinə isti yanaşmırlar.
Türk ordusu ənənəvi olaraq xarici ərazilərdə baza yaratmaqdan çəkinir. Üstəlik, on ildən artıqdır ki, Suriyada mövcud olan ordu artıq bu ölkədə yeni sərgüzəşt istəmir.
Bundan əlavə, Suriyadakı Şaraa hökuməti də hələlik müvəqqəti parlamenti formalaşdıra bilmədiyindən, Ankaranı rəsmi şəkildə dəvət etmək üçün lazım olan müqavilələri imzalaya bilmir. Belə razılaşmaların təsdiqi üçün parlament ratifikasiyası şərtdir.
Ankarada mövcud olan fikir budur: İsraillə böhranı həll etməyin ən yaxşı yolu hələ də diplomatiyadır – xüsusilə Tramp administrasiyası, Səudiyyə Ərəbistanı və Ərəb Liqasının əksər üzvləri Suriyanın yeni hökumətini dəstəklədiyi bir vaxtda.
“Bu, yalnız region üçün deyil, həm də İsrail üçün çox təhlükəli vəziyyətdir,” – deyə Hakan Fidan çərşənbə günü bildirib.
“Başqa sözlə, beynəlxalq ictimaiyyət – xüsusilə ABŞ, Avropa Birliyi və bölgə ölkələri – bu məsələyə həssaslıq göstərməlidir və İsraili dayandırmalıdır. Əks halda, bölgədə arzuolunmaz nəticələrin ortaya çıxması qaçılmaz olacaq.”
Mənbə: Middle East Eye