İstintaq CHP-nin idarə etdiyi şəhərlərə qədər genişlənib, ittiham irəli sürülmədən seçkilə gəlmiş məmurlar həbs olunur; Ərdoğan isə məhkəmə sistemindən siyasi məqsədlər üçün istifadə etməkdə ittiham olunur
Reuters-in 10 iyulda dərc etdiyi hüquqi sənədlər və dövlət məlumatlarının təhlilinə əsasən, Türkiyə hakimiyyəti 2024-cü ilin oktyabrından bəri müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) 500-dən çox üzv və rəsmisini saxlayıb. Bu getdikcə artan repressiya dalğası yalnız CHP-nin idarə etdiyi bələdiyyələri hədəfə alıb.
Prezident Rəcəb Tayyib Ərdoğan bu kampaniyanı “Türkiyənin və xaricdəki digər bölgələrin də daxil olduğu” sahələrə yayılmış korrupsiyalaşmış “ahtapot” şəbəkəsini məhv etmək cəhdi kimi müdafiə edib.
Onun ofisi siyasi müdaxilə və ya seçmə şəkildə təqiblə bağlı ittihamlara cavab verməyib.
İlkin mərhələdə İstanbulda cəmlənən istintaq sonradan CHP-nin idarəsində olan İzmir, Adana, Antalya və Adıyaman şəhərlərinə qədər genişlənib. Bu şəhərlər ötən il keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasından (AKP) alınmışdı.
220-dən çox şəxs ya həbs olunub, ya da ev dustaqlığına məruz qalıb. Onlardan 202 nəfəri yalnız son bir həftə ərzində saxlanılıb.
Həbs olunanlar arasında İstanbulun meri və Ərdoğanın əsas siyasi rəqibi olan Əkrəm İmamoğlu da var. O, mart ayında korrupsiya ittihamları ilə həbs edilib, amma bu ittihamları rədd edir.
Reuters-in əldə etdiyi 121 səhifəlik polis protokolunda bildirilir ki, İmamoğlunun telefonu rüşvətdə ittiham olunan şəxslərlə eyni mobil rabitə qülləsinə dəfələrlə qoşulub. İmamoğlu buna cavab olaraq bildirib ki, həmin qüllə onun evinin yaxınlığındadır. Prokurorlar hələ ki, rəsmi ittiham irəli sürməyiblər.
Hüquqşünaslar və partiya rəsmiləri həbslərin hüquqi əsasının olmadığını deyirlər. Eyni zamanda həbs edilmiş İmamoğlunun vəkili Mehmet Pehlivan bildirib ki, bu istintaq “ilk dəfə olaraq hüquq peşəsini cinayət kimi təqdim etməyə çalışır.”
Keçmiş AKP naziri Ertuğrul Günay kampaniyanı “siyasi tükəndirmə vasitəsi” adlandıraraq xəbərdarlıq edib ki, bu, Ərdoğanın komandasında gələcək seçkilərlə bağlı panikanın göstəricisidir. CHP sədri Özgür Özəl isə bunu “Atatürkün partiyasına qarşı çevriliş” adlandırıb, nəticədə prezidentə qarşı təhqir ittihamı ilə onun özünə ayrıca istintaq başladılıb.
5 iyulda CHP-li üç mer – Adana meri Zeydın Karalar, Antalya meri Muhittin Böcek və Adıyaman meri Abdurrahman Tutdere – partiyanın “siyasi əməliyyat” adlandırdığı tədbirlə həbs olunublar. Onların həbsi İzmirdə 120-dən çox şəxsin saxlanmasından sonra baş verib.
Ankara meri Mansur Yavaş “X” sosial şəbəkəsində bu barədə yazaraq bildirib: “Qanunun siyasətə görə əyildiyi və təhrif edildiyi bir sistemdə … heç kim bizdən hüququn aliliyinə güvənməyimizi və ədalətə inanmamızı gözləməsin.”