ABŞ Prezidenti Donald Trampın sentyabr ayında İslamabada səfər edəcəyi ehtimal olunur. Əgər bu səfər baş tutarsa, bu, son 20 ilə yaxın müddətdə ABŞ prezidentinin Pakistana ilk səfəri olacaq.
Qafqaz Times-ın verdiyi məlumata görə, Reuters Pakistanın iki televiziya kanalına istinadən bildirib ki, ABŞ Prezidenti Donald Tramp sentyabr ayında Pakistana səfər etməyi planlaşdırır. Əgər səfər rəsmi şəkildə təsdiqlənsə, bu, ABŞ-ın sabiq prezidenti Corc Buşun 2006-cı ildəki səfərindən sonra Pakistana ilk prezident səfəri olacaq.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü səfərlə bağlı hər hansı məlumata malik olmadıqlarını açıqlayıb. ABŞ-ın İslamabaddakı səfirliyi də bu barədə şərh verməkdən imtina edib.
Məlumata görə, Tramp Pakistandan sonra Hindistana da səfər edəcək. Bu xəbərin yayılması, ABŞ və Pakistan arasında son aylarda baş verən diplomatik yaxınlaşmalardan, o cümlədən Trampın Pakistan Ordusunun Baş Qərargah rəisini Ağ Evdə qəbul etməsindən sonraya təsadüf edir.
Eyni zamanda Hindistan bu il ABŞ, Hindistan, Avstraliya və Yaponiyanın daxil olduğu “QUAD” (Dördlük) qrupunun toplantısına ev sahibliyi edir. Bu qrupun əsas məqsədi Hind-Sakit okean bölgəsində Çinin artan nüfuzuna qarşı dayanmaqdır.
ABŞ və Pakistan arasında son 20 ildə münasibətlər dəfələrlə gərginləşib və normallaşıb. Lakin son illər iki ölkə arasında əməkdaşlığın bərpası istiqamətində ciddi addımlar atılıb.
ABŞ prezidentinin Pakistana mümkün səfəri uzunmüddətli gərginlik və münasibətlərdəki fasilədən sonra iki ölkə arasında yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilə bilər.