Müasir smartfonların akkumulyatorunun sürətlə boşalmasının səbəbləri araşdırılıb. Nəticə isə bir çoxları üçün gözlənilməz olub. Belə ki, telefonlardakı “Always On Display” funksiyasının enerji sərfiyyatını dəfələrlə artırdığı öyrənilib.
Bu barədə “DxOMark” laboratoriyasının ekspertləri apardıqları tədqiqatlardan sonra açıqlama veriblər.
“Always On Display” – kilid ekranında vaxt, bildiriş və smartfon statusu kimi vacib məlumatları göstərməyə imkan verir. Mütəxəssislər bildiriblər ki, sözügedən funksiya işə salındıqda qurğular üç-beş dəfə tez boşalır.
Bunun üçün müxtəlif markalı smartfonlarda eyni şəraitdə sınaqlar aparılıb: cihazlarda avtomatik parlaqlıq quraşdırılıb, “Wi-Fi” və “Bluetooth” modulları söndürülüb, uçuş rejimi aktivləşdirilib.
Məlum olub ki, “Always On Display” söndürüldükdə 466 saat enerji saxlayan telefon modeli funksiya aktiv olduqda cəmi 122 saat işləyib. Fərqli telefonlarda bu göstərici müvafiq olaraq 367 və 139 saat, 495 və 103 saat, 417 və 136 saat olub.
Ekspertlər həmçinin xatırladıblar ki, “Always On Display” funksiyası matrisin yanmasına səbəb ola bilər.