Suriya və İsrail rəsmiləri arasında aparılan danışıqların İsrailin işğal etdiyi Culan təpələrindən geri çəkilməsini əhatə etmədiyi bildirilir
Azərbaycan və Suriya 12 iyul tarixində ikitərəfli münasibətlərin bərpası istiqamətində addımlar atıblar. Hər iki ölkənin rəhbərləri xüsusilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi vədini veriblər. Bu, eyni zamanda Bakıda Suriya və İsrail rəsmiləri arasında danışıqların getdiyi dövrə təsadüf edir.
Azərbaycan prezidenti İlham Əliyev Suriyanın keçid dövrü rəhbəri Əhməd əl-Şaraanı Bakıda qəbul edib. Bu görüş 2024-cü ilin dekabrında sabiq prezident Bəşər Əsədin devrilməsindən sonra iki hökumət arasında ilk rəsmi təmas olub.
Əsədin hökumətini devirmiş keçmiş İŞİD komandiri olan Şaraa, Azərbaycanın “qardaş dəstəyinə” görə Əliyevə təşəkkür edib və əvvəlki Suriya rəhbərliyinin, o cümlədən Azərbaycanla olmaqla, bir sıra ölkələrlə münasibətləri korladığını söyləyib.
“Suriya prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına əhəmiyyətli töhfə verəcək,” – Azərbaycan prezidentliyinin yaydığı məlumata görə, Əliyev belə bildirib.
Görüşün əsas mövzularından biri Suriyada davam edən enerji böhranının həlli üçün ortaq səylər olub. Azərbaycan hökuməti yaxın vaxtlarda Türkiyə vasitəsilə Suriyaya təbii qaz ixracına başlamağı planlaşdırdığını elan edib.
“Bu layihə Suriyanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək,” – deyə Azərbaycan prezidentliyinin bəyanatında qeyd olunur. Bildirilib ki, ölkələr həmçinin Azərbaycanın Suriyanın dağıdılmış enerji infrastrukturunun bərpasında iştirak imkanlarını araşdıracaqlar.
Suriyanın əsas neft yataqları ölkənin şimal-şərqində yerləşir və hazırda Kürd liderliyindəki Suriya Demokratik Qüvvələri (SDQ) və ABŞ ordusu tərəfindən nəzarətdə saxlanılır. Bu isə Dəməşqi öz neftini SDQ rəhbərliyindən almağa məcbur edir.
Suriyanın mövcud rəhbərliyi Türkiyə ilə sıx münasibətlər saxlayır. Türkiyə regionun əsas güclərindən biri və Azərbaycanın yaxın müttəfiqidir. Azərbaycan son vaxtlar Türkiyə ilə İsrail arasında vasitəçi rolunda çıxış edir. İsrailin Suriyanı hərbi işğalı və bombardmanı isə tərəflər arasında mübahisə mövzusudur.
AFP-yə danışan Dəməşqdəki diplomatik mənbələrin məlumatına görə, Suriyanın keçid dövrü prezidenti Şaraa Bakıya səfər etdiyi vaxt eyni şəhərdə Suriya və İsrail rəsmiləri arasında nadir bir görüş baş tutub. Şaraa həmin görüşdə iştirak etməyib, lakin danışıqların İsrailin Suriya ərazisindəki hərbi mövcudluğuna fokuslandığı bildirilir.
İsrailin ictimai yayımçısı “Kan” bu görüşün baş tutduğunu təsdiqləyib və bunu regiondakı gərginliyi idarə etməyə yönəlmiş bir cəhd kimi təqdim edib.
Bütün bu inkişaflara baxmayaraq, İsrail mediasının məlumatına görə, əldə olunacaq istənilən razılaşma İsrailin 1967-ci ildən bəri işğal etdiyi Suriya Culan təpələrindən geri çəkilməsini əhatə etməyəcək.
Eyni zamanda, Tel-Əviv və Dəməşq arasında qeyri-rəsmi təhlükəsizlik razılaşmalarının artıq mövcud ola biləcəyi ehtimal edilir. Belə ki, İsrailin Suriyanın hava məkanından istifadə edərək iyun ayında İrana qarşı əsassız müharibə başlatdığı bildirilir.