Suriya: “Şeyxlərin hakimiyyəti” çörəkdən tutmuş Culan məsələsinə qədər

Suriyada “şeyx” artıq sadəcə dini rəhbər deyil, gündəlik həyatın bütün detallarından tutmuş suveren məsələlərə qədər hökmranlıq edən yeni rejimin mərkəzinə çevrilib. Əhməd əş-Şərənin (Əbu Məhəmməd əl-Culani) faktiki hakim kimi önə çıxması ilə, iqtisadiyyatı, məhkəmə sistemini və təhlükəsizlik sahəsini idarə edən, üstəlik Culan kimi əsas dosyelər üzrə gizli danışıqlar aparan hibrid dini/təhlükəsizlik hakimiyyəti meydana çıxıb. Bu isə müasir Suriya dövlətinin dağıntıları üzərində dini şeyxliklər dövlətinin möhkəmlənməsi təhlükəsini yaradır.

Suriyada “şeyx” artıq yalnız məsciddə dini nəsihət verən və ya cəmiyyətdə barışdırıcı rol oynayan bir şəxsiyyət deyil. Bu gün o, yerli idarəetmə, məhkəmə, təhlükəsizlik və iqtisadiyyat sahələrində əsas fiqura çevrilib. Əhməd əş-Şərənin (Əbu Məhəmməd əl-Culani) Suriyada faktiki hakimiyyətə yiyələnməsi və onun siyasi-təhlükəsizlik nüfuzunun artması ilə, “şeyxlər rejimi” adlandırıla biləcək yeni bir idarəetmə forması ortaya çıxıb. Bu rejim, sadə vətəndaşın gündəlik həyatından tutmuş ölkənin əsas suveren məsələlərinə – başda Culan məsələsi olmaqla – qədər hər sahəyə sirayət edir.

Dövlətin yerini şeyxlik tutur
“Heyət Təhrir əş-Şam – Cəbhət ən-Nusra” qruplaşmasının tam nəzarətində olan Suriya bölgələrində heç bir iş və ya xidmət şeyxlərin icazəsi olmadan həyata keçirilmir: qaz, un, elektrik, təhlükəsizlik postları, daşınmaz əmlak və torpaq mübahisələri, hətta məhkəmə çəkişmələri belə. Hər bir yerli şeyx, hüquqi və hərbi mənbəyə açıq şəkildə bağlı olan və kimliyi məlum olmayan bir qurumun nəzarətindəki ali şəriət şurasına inzibati baxımdan tabedir.

İdlibdəki keçmiş yerli şura əməkdaşlarından biri The Cradle-ə açıqlamasında deyib: “Əslində heç bir səlahiyyətimiz yox idi. Təyinatlar, maliyyələşmə, təşkilatlarla əlaqələr, hətta ərzaq yardımları belə şeyx vasitəsilə həyata keçirdi, dövlət vasitəsilə yox. Şeyxin qərarları istənilən qanundan daha məcburi idi.”

Culani və “böyük şeyx”: Siyasi məzmunlu dini hakimiyyət
Əhməd əş-Şərənin bir cihadçı fraksiyanın liderindən faktiki Suriyanın hakiminə çevrilməsi ilə, o, nə keçmiş Suriya dövlətinə, nə də demokratik və ya mülki idarəetməyə bənzəyən özünəməxsus bir hakimiyyət modeli qurmağa çalışır. Bu model dini leqitimləşdirməni ifrat dərəcədə mərkəzə qoyur və müasir dövlət strukturlarını dağıdaraq onların yerinə bürokratik şeyx idarəçiliyini yerləşdirir.

“Heyət”ə yaxın mənbələrdən biri The Cradle-ə açıqlamasında bildirib: “Əş-Şərə dini məclisə bənzər bir qurumu idarə edir. Bu məclis məhkəmə, iqtisadiyyat və təhsil üzrə şeyxlər arasında koordinasiyanı təmin edir. Xarici qüvvələrlə aparılan danışıqlar belə bu çərçivədən kənara çıxmır.”

Çörəkdən… Culan danışıqlarına qədər
Ən təhlükəli dönüş nöqtəsi isə şeyxlərin səlahiyyətlərinin yerli məsələlərdən çıxaraq dövlətin suveren məsələlərinə keçməsidir. Bəşşar Əsədin gedişindən sonra Dəməşqin siyasi təsirinin tədricən zəifləməsi fonunda, Əş-Şərənin vasitəçilər vasitəsilə İsraillə əlaqə kanalları açaraq Culanın gələcəyi ilə bağlı danışıqlara başlamağa çalışdığına dair məlumatlar yayılıb.

Avropalı diplomatik mənbələr The Cradle-ə bildiriblər ki: “Əş-Şərəyə yaxın qeyri-rəsmi nümayəndələr qapalı görüşlərdə Culanla bağlı zəmanət verməyə hazır olduqlarını, qarşılığında isə beynəlxalq ictimaiyyətdən Əş-Şərənin müvəqqəti və müstəqil hakimiyyət olaraq tanınmasını tələb etdiklərini ifadə ediblər.”

Əgər bu məlumatlar doğru olsa, bir zamanlar “cihadçı təşkilat lideri” kimi tanınan şəxs, bu gün heç bir konstitusion legitimliyi olmayan və dini ab-havaya bürünmüş sosial dəstəklə Suriyanın işğal olunmuş torpaqları üzərində regional danışıqlar aparır.

Şeyxlik silahla və siyasətlə iç-içə
Əmmamə ilə silah arasındakı ittifaq artıq müvəqqəti bir vəziyyət deyil. Bu, Əş-Şərənin yerində sabitləşdirməyə çalışdığı tam bir idarəçilik layihəsidir: bölgələrə yayılmış şeyxlər şəbəkəsi yerli iqtisadiyyata nəzarət edir, hökmlər verir, cəza və ya toxunulmazlıq qərarları çıxarır. Beynəlxalq ictimaiyyətin susqunluğu fonunda Suriyada bu gün dini/siyasi əsaslı və nəzarətsiz bir hibrid hakimiyyət formalaşır.

Gələcək mənzərə gözləniləndən daha təhlükəlidir
Dəməşq öz yeni hakimiyyətini sabitləşdirməklə məşğul olduğu və beynəlxalq ictimaiyyət digər böyük məsələlərə fokuslandığı bir vaxtda, Suriyada faktiki bir dövlət qurulur – mərkəzində “şeyx”, beyni isə “Culani”. Əgər bu “böyük şeyx” Culanın taleyi üzrə danışıqlar apara bilirsə, o zaman Suriya dövlətindən qalanların yalnız idarəçilik deyil, varlıq baxımından da təhlükə altında olduğu aydındır.

Mənbə: The Cradle

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib