Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların doqquz ədəd 30 mm-lik qəlpəli fuqaslı zenit top mərmisi, 12 ədəd 30 mm-lik zirehdələn zenit top mərmisi, 59 ədəd 23 mm-lik zirehdələn zenit top mərmisi, 22 ədəd “M-12” partladıcısı, doqquz ədəd “V-429” partladıcısı, 13 ədəd “T-90” partladıcısı və beş ədəd sursatın partladıcı qalıqları olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.