SPIEGEL: Rusiya Çindən 100 pilotsuz təyyarə almağa hazırlaşır

QafqazTimes xəbər verir ki, Almaniya mətbuatı Rusiyanın Çindən 100 döyüş pilotsuz təyyarəsi almaq üçün bu ölkəylə danışıqlar apardığını bildirib.

Almaniyanın “Spiegel” xəbər agentliyi bu dronların aprel ayına qədər Rusiyaya çatdırıla biləcəyini bildirib. Bildirilir ki, pilotsuz təyyarənin istehsalçısı “Bingu Xi’an Aviation Technology” şirkəti ilə Rusiya arasında danışıqlar davam edir.

Hərbi ekspertlər Rusiyanın bu şirkətin ZT-180 pilotsuz uçan aparatlarını almaq niyyətində olduğunu və bu təyyarələrin 35-50 kq arasında döyüş sursatı daşıya biləcəyini bildiriblər.

Bundan əlavə, Bingu şirkəti Rusiyaya ayda 100-ə yaxın PUA istehsalı ilə bağlı hissələr də təqdim edəcək. Bu addımın ABŞ-Çin münasibətlərində gərginliyin artmasına səbəb olacağı gözlənilir.

ABŞ dövlət katibi Entoni Blinken cümə axşamı Çindən Rusiyaya silah göndərilməsi ehtimalından narahatlığını bildirərək deyib: “Biz çox narahatıq ki, Çin Ukraynaya qarşı təcavüzdə Rusiyaya silah-sursat dəstəyi göstərməyə hazırlaşır.”

Entoni Blinken həmçinin belə bir hərəkətin Çin üçün ciddi nəticələr verəcəyi barədə xəbərdarlıq edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Blinkenin bəyanatına dərhal cavab verərək, onu yalan məlumat verməkdə ittiham edib.

Xatırladaq ki, Rusiya Luqansk və Donetsk respublikalarının Ukraynadan müstəqilliyini tanıdıqdan sonra 2022-ci il fevralın 24-də bu bölgəyə qoşun yeritdi və “Ukraynada xüsusi hərbi əməliyyatların” başladığını elan etdi.

Rusiya bu addımın məqsədinin Ukraynanı de-nazifikasiya etmək, bu ölkəni tərksilah edərək, təhlükəsizlik problemlərini həll etmək və Luqansk və Donetsk Respublikalarının kömək çağırışlarına cavab vermək olduğunu açıqlayıb.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib