Yediot Aharonot qəzeti 12 günlük müharibədən sonra sionist rejimin hərbi bazaları şəhərlərdən və yaşayış məntəqələrindən kənara köçürmək üçün tələsik qərar qəbul etdiyini yazıb.
Qafqaz Times -ın məlumatına görə, İranın “Sadiq Vədə 3” cəza əməliyyatı zamanı sionist rejimin strateji dərinliyinin həssaslığı üzə çıxdıqdan sonra rejim rəsmiləri şəhərlərdəki hərbi bazaları köçürmək üçün tələsik plan hazırlayaraq icrasına başlayıblar. Bu plan təxminən 60.000 yeni mənzil tikintisinə imkan yaradacaq ki, bu da gələcəkdə dəqiq zərbələrə dair açıq qorxunu göstərir.
“Sadiq Vədə 3” əməliyyatı və Dəmir Qübbə müdafiə sisteminin zəifliyinin aşkarlanmasından sonra sionist mənbələr İsrailin mərkəzində, sıx məskunlaşmış şəhərlərdəki hərbi bazaların dərhal çıxarılması prosesinin başlandığını bildirib. Rejimin Torpaq İdarəsi açıqlayıb ki, bu addım həm dəyərli torpaqları 60.000 yeni mənzil üçün azad etmək, həm də kənar və ucqar bölgələri gücləndirmək məqsədi daşıyır.
Bu tələsik qərar, “Sadiq Vədə 3” əməliyyatının 22 fazasında çoxlu raketin Təl-Əvivin mərkəzindəki sionist ordusunun baş qərargahı (Kiriya) da daxil olmaqla həssas hərbi obyektlərin yaxınlığındakı binalara düşməsindən sonra verilib ki, bu da rejim rəhbərliyində gələcək qarşıdurmalarda bu mərkəzlərin hədəfə çevrilməsi qorxusunu gücləndirib.
Baxmayaraq ki, bazaların köçürülməsi planı 2011-ci ildən qəbul olunmuşdu və bəzi hallarda qərargahın köçürülməsi 2030-cu ilə planlaşdırılırdı, lakin indi yeni həssaslıqların təzyiqi ilə sionist rəsmilər bu planların dərhal və vaxtından əvvəl icrasına can atırlar.
Məsələn, “Ramat Şaron”dakı hərbi kəşfiyyat bazası və onun yanındakı hərbi kollecin 2027-ci ilə qədər müvafiq olaraq işğal altındakı Qüdsə və cənuba köçürülməsi planlaşdırılmışdı, amma indi onlar təcili köçürülmə prioritetinə salınıb. Rejim rəsmiləri buralarda 7.500 yeni mənzilin tikilməsinə imkan verəcək razılaşmanı bələdiyyə ilə imzalamağı nəzərdə tutur.
Diqqətçəkən məqam sionist rejimin Maliyyə Nazirliyinin mərkəzi şəhərlərdəki bazaların planlarının daha sürətli icrasına güclü təzyiq göstərməsidir. Bunun əsas səbəbi həmin bazaların qiymətli torpaqlarının satışından əldə olunacaq böyük maliyyə gəliridir ki, bu da sionist qərar vericilər arasında iqtisadi maraqların digər bütün məqamlardan üstün tutulduğunu göstərir.
Rejimin Torpaq İdarəsi etiraf edib ki, Müdafiə Nazirliyi bütün işğal olunmuş ərazilərdə bazalar və təlim sahələri üçün ən çox torpağa nəzarət edir. Onlar iddia edirlər ki, bu bazaların kənar bölgələrə köçürülməsi həmin ərazilərdə əhalini artıracaq; əslində isə bu, gələcək müharibələrdə zərbə riskini azaltmaq üçün hərbi hədəfləri mərkəzdən ucqar bölgələrə yaymaq cəhdidir.
Sionist rejimin mərkəzi şəhərlərdən hərbi bazaları çıxarmaqla bağlı tələsik qərarı, hər nə qədər yeni mənzillərin tikintisi və ucqar bölgələrin inkişafı kimi iqtisadi və inşaat layihələri ilə əsaslandırılsa da, mahiyyət etibarilə İranın cavab hücumları qarşısında rejimin müdafiə və təhlükəsizlik doktrinasının zəifliyini açıq etiraf edir.
“Sadiq Vədə 3” əməliyyatı aydın şəkildə göstərdi ki, bir vaxtlar sionist rejimin güclü tərəfi hesab olunan strateji dərinlik indi onun Axilles (Axilles yunan mifologiyasının qəhrəmanıdır, qədim yunanların dastan və əfsanələrində mühüm simadır) dabanına və zəif nöqtəsinə çevrilib. Şəhər toxuması ilə tam iç-içə yerləşən həyati infrastruktur obyektlərinə dəqiq və dağıdıcı hücumların təkrarlanacağı qorxusu rejim rəhbərlərini bahalı və dərhal geri addım atmağa məcbur edib. Bu genişmiqyaslı köçürmə, güc mövqeyindən həyata keçirilən strateji addım deyil, qorxu və çıxılmazlıqdan qaynaqlanan taktiki qaçış və gələcək qarşıdurmalarda hərbi hədəfləri yayaraq itkiləri azaltmaq üçün ümidsiz bir cəhddir.