12 günlük İranla müharibə zamanı raketlə vurulan Hayfadakı BAZAN neftayırma zavoduna dəymiş ziyanın miqdarı 200 milyon dollara çatır.
Qafqaz Times-ın verdiyi məlumata görə, “Bizportal” iqtisadi xəbər saytı bu mövzuda hazırladığı hesabatda açıqlayıb ki, mövcud qiymətləndirmələr Hayfadakı BAZAN zavoduna dəymiş ziyanın 200 milyon dollar olduğunu göstərsə də, Zərərlərin Ödənilməsi Fondu bu məbləğdən yalnız 160 milyon şekelə – təxminən 48 milyon dollara qədər olan hissəsinin ödənilməsinə razılıq verib. Bu isə zavod rəhbərliyinin etirazına səbəb olub və onlar alınan vəsaiti sadəcə ilkin ödəniş kimi qiymətləndiriblər.
BAZAN neftayırma şirkəti yaxın günlərdə bəyan edib ki, dövlətə məxsus Zərərlərin Ödənilməsi Fondundan 160 milyon şekellik (təxminən 48 milyon dollar) yardım paketi alıb. Bu vəsait birbaşa olaraq İran raketinin zavoda dəydiyi hücum nəticəsində yaranan ziyanın bərpasına başlamaq üçün ayrılıb.
Qeyd edilən raket zərbəsi bu ilin iyun ayında, İranla baş vermiş müharibə çərçivəsində bu obyektə endirilmiş və nəticədə zavodun istehsalat prosesi tamamilə dayanmışdı.
Şirkətin rəsmi müraciətindən sonra göstərilən yardım paketi ayrılıb. Lakin şirkət rəsmilərinin hesablamalarına görə, ümumi ziyan 150–200 milyon dollar arasında dəyişir. Bu səbəbdən alınan maliyyə yardımı yalnız ilkin mərhələdəki ziyanın qarşılanması kimi qəbul edilir.
BAZAN şirkəti bildirib ki, aldığı bu ilkin yardım paketindən sonra əlavə ödənişlərin əldə olunması üçün fondla danışıqlar davam etdirilir.
Yayımlanan məlumatlara görə, İran raketinin zavoda dəyməsi nəticəsində obyektin bir sıra əsas infrastruktur hissələrinə ciddi zərər dəyib, zavodun əməliyyat bölmələri tamamilə sıradan çıxıb. Məhz bu səbəbdən iyun ayının ortalarından bəri zavodun yenidən istehsalata qaytarılması istiqamətində səylər davam etdirilir.
Rəsmilər bildirirlər ki, maksimum səylə bərpa işlərinə başlasalar da, ziyan vurulan sahələrin çoxluğu səbəbindən bu prosesin həcmi geniş olub və bir neçə ay davam edəcək.
Hesabatda vurğulanır ki, bu ilkin yardım paketinin ödənilməsi, məsul qurumun zavoda dəymiş böyük ziyanı rəsmi olaraq qəbul etməsi anlamına gəlir. Digər tərəfdən, BAZAN şirkəti isə bu məbləği yalnız ziyanın bir hissəsinin ödənməsi kimi qəbul etdiyini və bunun bərpa işlərinin ümumi xərcini tam qarşılamadığını bəyan edib.