Sionist rejimin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra bəzi ölkələrin hava məkanını bağlaması səbəbilə Körfəz ölkələrinin aparıcı aviaşirkətləri Yaxın Şərq istiqamətlərinə olan uçuşlarını ləğv edib.
Yaxın Şərqin ən böyük aviaşirkəti olan Emirates, İsrailin hücumlarından sonra İraq, İordaniya, Livan və İrana olan reyslərini dayandırdığını açıqlayıb. Aviaşirkətin rəsmi saytında cümə günü üçün bir neçə, şənbə günü üçün isə Tehrana olan bir reysin ləğv edildiyi qeyd olunub.
Qətərin milli daşıyıcısı Qatar Airways isə bildirib ki, “bölgədəki mövcud vəziyyət” səbəbilə İrana və İraqa olan uçuşlarını müvəqqəti olaraq dayandırır.
BƏƏ hava limanları da ciddi ləngimə və ləğvlərlə bağlı xəbərdarlıq edib. Dubay hava limanı DXB və DWC – Əl-Məktum Beynəlxalq Hava Limanında bəzi reyslərin İran, İraq və Suriya üzərində hava məkanının bağlanması səbəbindən ləğv və ya gecikmə ilə üzləşdiyini” bildirib.
Əbu-Dabi hava limanı isə cümə günü ərzində “uçuşlarda ləngimələrin gözlənildiyini” açıqlayıb.
Cümə günü daha əvvəl İordaniya və İraq – İsrail və İran arasında yerləşən iki ölkə – hava məkanlarını bağladıqlarını və bütün uçuşları dayandırdıqlarını elan ediblər.
İordaniya ordusu bəyan edib ki, İrana cavab olaraq İsrailin hücumlarından sonra İordaniya hava məkanına daxil olan dron və raketlər qarşılanıb və zərərsizləşdirilib. İran sionist rejimə cavabın “heç bir hədd tanımayacağını” bəyan etmişdi.
Sionist rejimin müharibə ordusu isə bildirib ki, İran buna cavab olaraq təxminən 100 pilotsuz uçuş aparatı göndərib və bunların vurulması üçün əməliyyatlar davam edir.
Sionist hücumları nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, SEPAH-ın baş komandanı və bir neçə nüvə alimi şəhid olub.
Mənbə: AFP