İsrailin baş naziri HƏMAS-ın tam təslim olması və rəhbərliyinin Qəzzadan sürgün edilməsini tələb edir
İsrail Baş naziri Benyamin Netanyahu 10 iyulda bildirib ki, əgər İsrail davam edən danışıqlarda daimi atəşkəsə razı olacaqsa, HƏMAS tam şəkildə silahlarını yerə qoymalıdır.
“Bu (60 günlük) atəşkəsin başlanğıcında biz daimi atəşkəslə bağlı danışıqlara başlayacağıq. Bunu reallaşdırmaq üçün bizim minimum şərtlərimiz yerinə yetirilməlidir: HƏMAS silahlarını təhvil verir, Qəzza silahsızlaşdırılır, HƏMAS-ın artıq heç bir hökumət və ya hərbi gücü qalmır,” – deyə baş nazir Vaşinqtondan yola düşməzdən əvvəl verdiyi bəyanatda bildirib.
“Əgər [tələblərimiz] danışıqlar yolu ilə əldə edilərsə – əla. Əgər 60 gün ərzində danışıqlarla əldə edilməzsə, biz bunu başqa yollarla əldə edəcəyik — güc yolu ilə, qəhrəman ordumuzun gücü ilə,” – o əlavə edib.
HƏMAS isə cümə axşamı axşam verdiyi açıqlamada bildirib ki, Netanyahunun bu bəyanatları onun “şər niyyətlərini” təsdiqləyir və “razılaşmaya çatmağın qarşısını almaq üçün maneələr yaratdığını” göstərir.
Son bir həftə ərzində Qətərdə yeni atəşkəs təklifi üzrə bir neçə raund danışıqlar keçirilib.
Təklif, ABŞ elçisi Stiv Vitkof tərəfindən daha əvvəl irəli sürülmüş bir çərçivəyə əsaslanır və bu plana görə HƏMAS 10 sağ girovu və 18 nəfərin cəsədini azad edir, bunun müqabilində 60 günlük atəşkəs həyata keçirilir.
Bu 60 gün ərzində daimi atəşkəslə bağlı danışıqlar davam etməlidir. Lakin HƏMAS İsrailin silahsızlanma şərtlərini rədd edir və ordunun geri çəkilməsini, eləcə də daimi atəşkəsə dair inandırıcı zəmanətlər tələb edir.
Bu həftə Qəzzada girov saxlanılan israillilərin ailələri ilə görüş zamanı Netanyahu “HƏMAS-ın təslim olmasından, silahlarını təhvil verməsindən və rəhbərliyinin sürgünə razı olmasından heç vaxt geri addım atmayacağını” bildirib, – bu barədə The Times of Israel-ə iki məlumatlı mənbə danışıb.
Axios-un məlumatına görə, bu həftənin əvvəlində ABŞ, İsrail və Qətər rəsmiləri Ağ Evdə gizli danışıqlar aparıblar və əsas mübahisəli məqamları müzakirə ediblər.
Mənbələrin bildirdiyinə görə, əsas maneə İsrail ordusunun Qəzzadan məhdud geri çəkilməsini əks etdirən xəritələr olub. Həmin xəritələr İsrail tərəfindən təqdim edilib.
Qətər rəsmiləri İsraili xəbərdar ediblər ki, bu məsələ HƏMAS tərəfindən rədd ediləcək və danışıqları tamamilə poza bilər.
“Mənbələr bildirirlər ki, İsrail sonradan ordunun daha geniş geri çəkilməsini əhatə edən yeni bir xəritə təqdim edib.”
“Bəzi boşluqlar hələ də qalır, amma hazırda müsbət istiqamətdə irəliləyirik,” – başqa bir rəsmi Axios-a bildirib.
“Bəzi vasitəçilər hesab edirlər ki, bu yeni xəritələr danışıqlarda əsas maneə olan məsələ üzrə irəliləyişə imkan yaradıb. Amma HƏMAS-ın nümayəndələri bu nikbinliyi rədd edərək bildirirlər ki, İsrailin Qəzzada saxlamaq istədiyi geniş ‘təhlükəsizlik zonası’nı qəbul etməyəcəklər,” – fələstinli rəsmi The Times of Israel-ə bildirib.
İsrailin təqdim etdiyi yeni xəritələrdə bu ilin əvvəlində İsrail ordusu tərəfindən qurulan “Moraq oxu”ndan qüvvələrin geri çəkilməsini nəzərdə tutan düzəlişlər olduğu bildirilir.
Lakin xəritələr hələ də Qəzza zolağının təxminən üçdə birinin İsrailin nəzarətində qalmasını əhatə edir.
“Biz torpaqlarımızın işğal altında saxlanılmasını və xalqımızın işğal ordusunun nəzarətində olan kiçik anklavlara təslim olmasını qəbul edə bilmərik. Hazırkı Doha danışıqlar raundunda nümayəndə heyətimiz işğalçılara məhz bunu bildirir,” – HƏMAS rəsmisi Bəssəm Nəim cümə axşamı AFP-yə deyib.
ABŞ rəsmiləri, o cümlədən Prezident Donald Tramp və Vitkof bildiriblər ki, danışıqlar yaxşı gedir və razılaşma yaxın zamanlarda əldə edilə bilər.
Lakin Qətər Xarici İşlər Nazirliyi 8 iyul tarixində bildirib ki, Qəzza üzrə atəşkəs danışıqları “vaxt tələb edəcək”.