QafqazTimes xəbər verir ki, İraqın milli hikmət hərəkatının lideri Seyid Əmmar Həkim Məhərrəm ayının ilk günü etdiyi çıxışında “Həşduş Şabi” (İraq Xalq Səfərbərlik Qüvvələri) barədə danışarkən deyib: “Bu gün Həşduş-Şabi bir hərbi və milli qurum və iftixar mənbəyidir. Bir daha onun yaranmasının şərəfli ildönümü münasibətilə təbrik edir və o güclü, qürurverici paradı keçirən Həşduş Şabi qüvvələrinə salamlarımızı göndəririk.”
O, çıxışının digər bir hissəsində ölkənin ərazi suverenliyinin açıq şəkildə pozulması məsələsinə toxunaraq deyib: “Biz dəfələrlə demişik ki, İraq qonşularına zərər verməyəcək və qonşuları ilə yaxşı münasibətləri pozmağa çalışmayacaq. Xüsusən də bu münasibətlər tarixi köklərə, mədəni və iqtisadi ölçülərə malikdir. Bundan əlavə dini və milli prinsiplərimiz də buna icazə vermir.”
O, əlavə edib: “Biz hamı ilə sülh və əmin-amanlıq istəyirik, bir şərtlə ki, bu sülh və əmin-amanlıq İraq millətinin şərəf və ləyaqətinə zərər verməsin, çünki ləyaqətsiz həyatın heç bir dəyəri yoxdur.”
İraqın milli hikmət hərəkatının lideri Türkiyənin Dohuka son hücumuna toxunaraq, bildirib: “Bir neçə gün əvvəl Dohukda baş vermiş böyük cinayəti görməməzlikdən gəlmək olmaz və bu, Türkiyə tərəfindən İraqın ərazi suverenliyinin pozulmasıdır. Aydındır ki, Türkiyə hərbi qüvvələrinin İraqa girməsinə icazə verən heç bir anlaşma memorandumu yoxdur. Bundan əlavə, İraqda terrorla mübarizə bəhanəsi ilə onlarla türk bazası və hərbi düşərgəsinin olmasının heç bir hüquqi icazəsi yoxdur.”